Avropanın vakuum nasosları, istilik dəyişdiriciləri və xüsusi qaz istehsalçıları süni intellekt bumunun daha az nəzərə çarpan benefisiarları kimi mövqelərini gücləndirirlər. Bloomberg yazır ki, onların avadanlıq və materialları yarımkeçiricilərin istehsalı və məlumat mərkəzlərinin tikintisi üçün kritik əhəmiyyət daşıyır.
Artıq xeyli bahalaşmış süni intellekt səhmlərinə ehtiyatla yanaşan investorlar üçün bu vəziyyət yeni imkanlar yaradır. Sənaye və kimya şirkətlərinin geniş bir qrupu süni intellekt bumundan dolayı şəkildə faydalanır. Məsələn, boya istehsalçısı Sherwin-Williams məlumat mərkəzləri üçün odadavamlı örtüklər və polimer döşəmələr istehsal edir. Lakin bəzi şirkətlər çip istehsalı zəncirinə daha dərindən inteqrasiya olunub və bu bazar onlar üçün getdikcə daha gəlirli olur.
İsveçin Atlas Copco şirkəti çip istehsalçıları üçün vakuum nasosları və qazların kənarlaşdırılması sistemləri istehsal edir. Ötən il şirkətin vakuum avadanlıqları bölməsinin satışları azalsa da, 2026-cı ildə bu istiqamətdə 19%-lik artım gözlənilir. Bu, Atlas Copco-nun digər bütün biznes istiqamətlərindən daha yüksək göstəricidir.
Oxşar vəziyyət İsveçin digər sənaye şirkəti Alfa Laval-da da müşahidə olunur. Məlumat mərkəzləri üçün maye soyutma sistemləri və istilik dəyişdiriciləri tədarük edən enerji bölməsinin 2026-cı ildə şirkətin əsas artım drayverinə çevriləcəyi gözlənilir. Goldman Sachs bunu məlumat mərkəzlərinin yeni arxitekturaya keçidi ilə əlaqələndirir. Daha güclü süni intellekt çipləri serverlərin daha sıx yerləşdirilməsini və istiliyin effektiv şəkildə kənarlaşdırılmasını tələb etdiyindən maye soyutma sistemlərinə tələbat artır.
Yarımkeçirici istehsalı üçün sənaye qazları tədarük edən Fransanın Air Liquide şirkətində isə analitiklər bu il ən güclü dinamikanın süni intellektlə bağlı elektronika seqmentində qeydə alınacağını gözləyirlər. Berenberg-in hesablamasına görə, həmin istiqamət şirkətin sifariş portfelinin təxminən 40%-ni təşkil edir.
Almaniyanın Wacker Chemie şirkəti isə yarımkeçiricilər üçün polikristal silisiumun dünyanın ən böyük istehsalçısı hesab olunur.
Kondisioner avadanlıqları istehsal edən İsveçrənin Belimo Holding şirkətinin maye soyutma sistemlərində istifadə olunan klapanları da süni intellekt infrastrukturunun qurulmasında kritik rol oynayır. Barclays-dan Fezerstounun sözlərinə görə, bu komponentlər “o qədər kritikdir ki, onların əhəmiyyətini şişirtmək demək olar mümkün deyil”.
Bu niyə vacibdir?
Avropa sənaye şirkətlərinin süni intellektlə bağlı biznes istiqamətlərinin böyüməsi yaşayış tikintisi, avtomobil sənayesi və ümumi sənaye istehsalı kimi digər bazarlardakı zəif tələbi kompensasiya etməyə kömək edir. Ənənəvi seqmentlərdə bərpa hələ baş vermədiyindən şirkətlər yeni artım nöqtələrinə daha fəal investisiya yatırırlar.
Air Liquide artıq İndiana ştatındakı SK Hynix zavodunun təchizatı üçün 170 milyon dollardan çox sərmayə qoyub. Johnson Matthey isə məlumat mərkəzlərinin elektrik enerjisi istehsalına artan tələbinə cavab vermək məqsədilə may ayında Comertech şirkətini satın alıb.
Süni intellekt infrastrukturu üçün yüksək xərclərin orta müddətli perspektivdə davam edəcəyi gözlənilsə də, sonrakı mərhələdə investisiya tsikli yavaşlaya və müəyyən səviyyədə sabitləşə bilər. Goldman Sachs analitiki Daniela Kostanın sözlərinə görə, bəzi sənaye və kimya şirkətlərinin biznesinin tamamilə süni intellektdən asılı olmaması investorların bir mövzuya həddindən artıq fokuslanması riskini azaltmağa kömək edə bilər.







