Son illərdə Çinin istehsal gücünün həddindən artıq artırmasına dair xəbərdarlıqlar getdikcə daha çox səslənir. Pekinin ixracı və ticarət profisitini artırmaq cəhdi həm inkişaf etmiş iqtisadiyyatların — ABŞ və Avropanın sənayesinə, həm də Afrika, Asiya və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə zərər vurur.
Bu barədə “Foreign Affairs” nəşrində dərc olunmuş məqalədə qeyd edilib.
Bildirilib ki, indi problem daha da təhlükəli xarakter alır. Dünya iqtisadiyyatının Çinin izafi istehsalını mənimsəmək qabiliyyəti son həddinə yaxınlaşır. Bu həddə çatılacağı təqdirdə, nəticələr qlobal iqtisadi böhrana çevrilə bilər.
Son iyirmi il ərzində Çin müasir tarixdə ən böyük ticarət profisitini formalaşdırıb. 2025-ci ildə bu göstərici 1,2 trilyon dollara yaxınlaşıb və qlobal əmtəə ticarətinin artım tempindən üç dəfə sürətlə artıb. Bu model Pekin üçün əlverişlidir və qısamüddətli perspektivdə xaricdə inflyasiyanın qarşısını almağa kömək edir. Lakin nəşrin müəlliflərinə görə, uzunmüddətli perspektivdə bu model siyasi və iqtisadi baxımdan dayanıqlı deyil.
Çinin iqtisadi yüksəlişi ucuz Çin mallarını almağa, bunun müqabilində isə səmərəli təchizat zəncirlərindən və aşağı qiymətlərdən yararlanmağa hazır olan dünya sayəsində mümkün olub. Lakin münasibət dəyişir. Getdikcə daha az ölkə sənayesizləşmə və Çin idxalından kritik asılılıqla barışmağa hazırdır.
Proteksionizmin güclənməsi fonunda Çin istehsalçılarının xarici bazarlara çıxışı məhdudlaşacaq. Lakin problem həm də sadə riyazi hesablamadan ibarətdir. Çin iqtisadiyyatı xeyli kiçik olduğu dövrdə ixracın dünya iqtisadiyyatından iki-üç dəfə daha sürətlə artması mümkün idi. Buna kifayət qədər tələbat vardı. Bu gün isə Çin o qədər böyük iqtisadiyyata çevrilib ki, belə strategiyanı sonsuzadək davam etdirmək mümkün deyil, gec-tez alıcılar kifayət etməyəcək.







