Cümə günü, avqustun 14-də S&P 500 indeksi üzrə fyuçerslər 0,69% artaraq 7 824,5 bəndə yüksəlib. Cümə axşamı S&P 500 tarixdə ilk dəfə 7 800 bənd həddini keçsə də, ticarət gününü 0,66% artımla 7 799,78 bənddə başa vurub. Dow Jones 0,13% yüksələrək 53 846,14 bəndə, Nasdaq 100 isə 1,15% artaraq 30 085,6 bəndə çatıb.
İnvestorlar Federal Ehtiyat Sisteminin gələn ay faiz dərəcələrini artırmaqdan çəkinəcəyi ilə bağlı gözləntiləri gücləndirən makroiqtisadi göstəriciləri qiymətləndirməkdə davam edirlər. Hazırda bazarlar FED-in sentyabrda faiz artımı ehtimalını 40%-dən aşağı qiymətləndirirlər. Həftənin əvvəlində isə bu göstərici təxminən 50% idi.
Bloomberg qeyd edir ki, treyderlərin diqqəti xüsusilə ötən ay kəskin satışlarla üzləşən texnologiya şirkətlərinin səhmlərinə yönəlib.
AMD səhmləri dünən ticarət zamanı 2%-dən çox bahalansa da, günü cəmi 0,02% artımla başa vurub. Kotirovkalara şirkətin tarixində ən böyük investisiya dərəcəli istiqraz emissiyası çərçivəsində 5 milyard dollaradək vəsait cəlb etmək planları dəstək verib. Alphabet səhmləri isə törəmə şirkəti Google-un yeni Gemini 3.7 Flash süni intellekt modelini təqdim etməsindən sonra 0,82% yüksəlib.
Bununla yanaşı, şəbəkə avadanlığı istehsalçısı Cisco Systems-in səhmləri şirkətin 2027-ci maliyyə ili üzrə gəlir proqnozunun Uoll-Strit gözləntilərindən yüksək olmasına baxmayaraq 8,4% ucuzlaşıb. Cerebras Systems-in bazar kapitallaşması isə zəif rüblük hesabat fonunda 11,9% azalıb.
Yaponiya və Cənubi Koreya bazarları həftəni müsbət dinamika ilə başa vurmağa yaxındır. Nikkei 225 indeksi 0,32% artaraq 68 528,58 bəndə, Kospi isə 1,83% yüksələrək 6 937,93 bəndə çatıb. Cənubi Koreya indeksi bu həftə 10% bahalaşaraq ardıcıl yeddi həftəlik eniş seriyasına son qoyub. Samsung Electronics və SK Hynix səhmləri son beş gündə 15%-dən çox yüksəlib. Honkonqun Hang Seng indeksi isə 0,99% azalaraq 25 160,25 bəndə, Çinin Shanghai Composite indeksi 0,21% geriləyərək 3 918,65 bəndə enib.
Neft qiymətləri həftənin son ticarət günündə zəif artım nümayiş etdirir. Neft treyderləri ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı razılaşma ətrafındakı vəziyyəti izləyirlər. Brent markalı neft üzrə fyuçerslər 0,07% bahalaşaraq barel üçün 87,13 dollara, WTI fyuçersləri isə 0,16% artaraq 81,38 dollara yüksəlib.







