Oracle-ın həmtəsisçisi Larri Ellison şirkətin səhmlərinin son aylarda davam edən ucuzlaşması fonunda cəmi iki ay ərzində dünyanın ən varlı insanları siyahısında ikinci yerdən səkkizinci yerə düşüb.
Banker.az “Forbes”ə istinadən xəbər verir ki, Ellisonun sərvəti bu müddət ərzində 104 milyard dollar azalıb.
Cümə günü Ellison reytinqdə səkkizinci pilləyə düşüb. O, yeddinci yerdə qərarlaşan Nvidia-nın rəhbəri Censen Xuanqdan da aşağı pillədə qərarlaşıb. Ellisonun sərvəti gün ərzində 6 milyard dollar azalaraq 192,6 milyard dollara düşüb. Xuanqın sərvəti isə 194,4 milyard dollar təşkil edib.
Oracle-ın həmtəsisçisinin dünyanın ən varlı insanları siyahısında ikinci pilləyə yüksəldiyi 2 iyundan etibarən onun sərvəti ümumilikdə 104 milyard dollar azalıb.
Oracle səhmləri 1 iyunda 250 dollarlıq rekord həddə çatdıqdan sonra kəskin ucuzlaşmağa başlayıb. İyulun 28-də səhmlərin qiyməti 114,50 dollara qədər düşüb. Beləliklə, səhmlər zirvə qiymətindən təxminən 54% dəyər itirib.
Cümə gününə qədər səhmlərin qiyməti bir qədər artaraq 150,52 dollara yüksəlib.
Bu eniş fonunda Oracle-ın bazar kapitallaşması 433,5 milyard dollar təşkil edib.
Qeyd edək ki, şirkətin bazar dəyəri sentyabr ayında 877,1 milyard dollarlıq rekord səviyyəyə çatmışdı.







