“Financial Times” Azərbaycanı ümumi gücü məhdud olsa da, müəyyən sahələrdə ciddi təsir rıçaqlarına malik ölkələrdən biri kimi qiymətləndirir.
Banker.az xəbər veriir ki, qəzet Azərbaycanı “mini-orta güc” nümunəsi kimi təqdim edir və ölkənin əsas üstünlüklərinin enerji, coğrafi mövqeyi, nəqliyyat marşrutları və regional təhlükəsizlik sahələrində olduğunu yazır.
FT-yə görə, Azərbaycan enerji ixracatçısı olmaqla yanaşı, Şərq-Qərb ticarət marşrutlarının üzərində yerləşir və Cənubi Qafqazın siyasəti və təhlükəsizliyində mühüm rol oynayır. Qəzet Qazaxıstan və Özbəkistanla birlikdə Azərbaycanın Orta Dəhlizin əsas iştirakçılarından olduğunu qeyd edir. Marşrut Rusiya üzərindən keçən şimal dəhlizindən daha mürəkkəb olsa da, Asiya ilə Avropa arasında alternativ nəqliyyat bağlantısı yaradır.
Məqalədə Azərbaycanın Qazaxıstan və Özbəkistanla birlikdə Mərkəzi Asiyanın bərpaolunan enerjisinin Azərbaycan üzərindən ötürülməsini nəzərdə tutan Xəzər yaşıl enerji dəhlizinin inkişafında iştirak etdiyi də vurğulanır. Bu layihənin Avropaya planlaşdırılan Qara dəniz elektrik kabeli ilə əlaqələndirilməsi nəzərdə tutulur.
FT Azərbaycanın Rusiya, Çin, Türkiyə, Avropa İttifaqı və ABŞ-la münasibətlər saxladığını və bu ölkələrin arasında manevr imkanını qorumağa çalışdığını yazır. Qəzet bunu 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra Bakının Moskvanın məsuliyyəti qəbul etməsi, təqsirkarları cəzalandırması və kompensasiya ödəməsi tələbləri ilə də əlaqələndirir. FT-nin yazdığına görə, Rusiya daha sonra hava hücumundan müdafiə sistemlərinin qəzanın baş verməsində rolunu qəbul edib və kompensasiya ödəməyə razılaşıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanın təsir imkanları enerji alıcılarının alternativ təchizat mənbələrinə ehtiyac duyduğu dövrlərdə, həmçinin Orta Dəhlizə tələbatın artdığı şəraitdə daha da əhəmiyyət qazanır.






