“Binance” ötən il Rusiya hakimiyyətinə Ukraynaya dəstək məqsədilə təşkil olunan kriptovalyuta ianələri ilə bağlı müştəri məlumatlarını təqdim edib.
Banker.az xəbər verir ki, bu məlumatlar Rusiya İstintaq Komitəsinin 2025-ci ilin sentyabrında saxladığı rusiyalı IT mütəxəssisi Yuri Belenkiyə qarşı terrorçuluğun maliyyələşdirilməsi ittihamında sübut kimi istifadə olunub.
Sənədlərə görə, 49 yaşlı Belenkiy 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər Ukrayna ordusuna və Moskvanın terror təşkilatı kimi tanıdığı “Azov”la əlaqəli qrupa 700 dollardan çox kriptovalyuta göndərib. O, hazırda Rusiyada həbsdədir və məhkəməni gözləyir.
Reuters-in əldə etdiyi sənədlər göstərir ki, Rusiya hüquq-mühafizə orqanları “Binance”dən Belenkiyin əməliyyat tarixçəsini tələb edib. Şirkət isə onun həmin ianəni edən şəxs olduğunu təsdiqləyən məlumatlarla yanaşı, doğum tarixi, ünvanı, telefon nömrəsi, pasport məlumatları, Rusiya pasportunun və Bolqarıstan yaşayış icazəsinin surətini təqdim edib.
Bu hal “Binance”in 2023-cü ildə Rusiyadan tamamilə çıxdığını açıqlamasından sonra baş verib. Şirkət bildirir ki, qlobal maliyyə qurumları kimi qanuni hüquq-mühafizə sorğularına müvafiq qanun və məxfilik tələbləri çərçivəsində cavab verir.
Hüquqşünas Mayk Bıstrov isə Belenkiy “Binance”də Aİ rezidenti kimi qeydiyyatda olubsa, məlumatların Rusiyaya ötürülməsinin GDPR qaydalarını poza biləcəyini bildirib. Reuters onun belə qeydiyyatda olub-olmadığını müəyyənləşdirə bilməyib.







