Fiziki şəxslərdən gəlir vergisi üzrə büdcə daxilolmaları 22% artıb

2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisi üzrə 1,21 milyard manat daxil olub. Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 219,9 milyon manat və ya 22,2% çoxdur. 2025-ci ilin ilk yarısında bu göstərici 991,5 milyon manat olub.

Beləliklə, fiziki şəxslərin gəlir vergisinin dövlət büdcəsinin ümumi gəlirlərində payı da artıb. 2026-cı ilin ilk yarısında bu verginin büdcə gəlirlərində payı 6,3%, 2025-ci ilin eyni dövründə isə 5% təşkil edib.

Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 19,18 milyard manat təşkil edib. Bu, illik müqayisədə 624,6 milyon manat və ya 3,2% azdır.

Dövlət büdcəsinin xərcləri isə 16,78 milyard manat olub və illik müqayisədə 1,9% azalıb. Nəticədə ilin ilk yarısında büdcədə 2,4 milyard manat profisit yaranıb. Ötən ilin eyni dövründə profisit 2,71 milyard manat təşkil etmişdi.

2026-cı ilin ilk yarısında büdcə profisiti ÜDM-in 3,7%-nə bərabər olub. Ötən ilin eyni dövründə bu göstərici 4,4% təşkil edib.

Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il iyunun 1-nə Azərbaycanda uçotda olan 1 milyon 710 min vergi ödəyicisinin 86,8%-i fiziki şəxslərdir. Bu, təxminən 1 milyon 484 min fiziki şəxs deməkdir. Fiziki vergi ödəyicilərinin sayı illik müqayisədə 5,1% artıb.

Qeyd edək ki, bu artım 2026-cı il yanvarın 1-dən qüvvəyə minən vergi dəyişiklikləri fonunda baş verib. Belə ki, qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışanların əməkhaqqının gəlir vergisinə cəlb edilməsi bərpa olunub. Yeni qaydalara əsasən, aylıq gəliri 2 500 manatadək olan şəxslər 3%, 2 500–8 000 manat aralığında gəlir əldə edənlər 10%, 8 000 manatdan yuxarı gəlir əldə edənlər isə 14% dərəcə ilə vergiyə cəlb olunur. 2 500 manatadək aylıq gəlirin 200 manatlıq hissəsi üzrə güzəşt isə saxlanılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər