Yaxın Şərq münaqişəsi uzanarsa, beynəlxalq aviauçuşlar növbəti il 10% bahalaşacaq.
Bu barədə “Tourism Economics” şirkətinin analitik hesabatında bildirilib.
Gözlənilir ki, aviauçuşların qiymətinin artması cari ilin sonlarında daha çox nəzərə çarpacaq, növbəti ildə isə təchizatdakı fasilələr davam edərsə, qiymət artımı daha əhəmiyyətli – 10%-ə qədər ola bilər.
Enerji resurslarının Hörmüz boğazı vasitəsilə ixrac sisteminin pozulması neft və aviasiya yanacağının qiymətlərinə əhəmiyyətli təzyiq göstərib. Özü də neft emalının rekord səviyyədə yüksək marja göstəriciləri, eləcə də saxlama imkanları və təchizatın təmin edilməsi ilə bağlı narahatlıqlar səbəbindən aviasiya yanacağının dəyəri xam neftin qiymətləri ilə müqayisədə kəskin bahalaşıb.
Hesabatda qeyd olunur ki, vəziyyətin inkişafının nisbətən əlverişli ssenarisində belə bu il aviabiletlərin orta dünya qiymətləri münaqişənin başlanmasından əvvəl gözlənilən səviyyədən 5-10% yüksək ola bilər. Bu təsirin dəqiq miqyasını müəyyən etmək çətindir, çünki xərclərin artması adətən yalnız bir neçə ay sonra – xüsusən də, aviaşirkətlərin hedcinq strategiyaları və aviareyslərin əvvəlcədən bron edilməsi səbəbindən son qiymətlərdə öz əksini tapır.







