Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin yenilənməsi ilə bağlı yeni fərman imzalayıb.

Banker.az xəbər verir ki, 20 avqust 2026-cı il tarixli Fərmanla İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib.

Yeni Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoruna investisiyaların və ixracın təşviqi, həmçinin sahibkarların maraqlarının qorunması istiqamətində fəaliyyət göstərəcək.

Agentliyə geniş səlahiyyətlər verilib. O, sahibkarların, investorların və ixracatçıların hüquq və qanuni mənafelərinin müdafiəsində iştirak edəcək, dövlət qurumları ilə biznes arasında xidmətlərin əlaqələndirilməsini həyata keçirəcək.

Agentliyin əsas funksiyalarından biri G2B – dövlət-biznes xidmətlərinin vahid elektron reyestrinin formalaşdırılması və bu xidmətlərin şəffaflığının təmin edilməsində iştirak etmək olacaq.

Bundan başqa, Agentlik xarici investorların Azərbaycana daxil olması, ölkə bazarına uyğunlaşması və fəaliyyətlərini genişləndirməsi üzrə vahid səlahiyyətli qurum qismində xidmət göstərəcək. Potensial investorların müəyyənləşdirilməsi, prioritet sektorlar və hədəf bazarlar üzrə investisiyaların cəlb edilməsi də Agentliyin vəzifələri sırasına daxil edilib.

Yeni qurum KOB-ları inkişaf mərhələlərinə – startap, erkən inkişaf, genişlənmə və ixrac kimi seqmentlərə bölərək onlar üçün hədəfli dəstək proqramlarının formalaşdırılmasında iştirak edəcək.

Agentlik həmçinin sahibkarların kredit, investisiya, qrant və digər alternativ maliyyə mənbələrinə çıxışının asanlaşdırılması ilə bağlı təkliflər hazırlayacaq, yerli və xarici maliyyə institutları ilə əməkdaşlıq edəcək.

Sənəddə ixrac istiqamətində də geniş funksiyalar nəzərdə tutulub. Belə ki, yüksək əlavə dəyərli məhsul və xidmətlərin ixracının artırılması, ixrac coğrafiyasının və məhsul çeşidlərinin şaxələndirilməsi, yerli şirkətlərin regional və qlobal dəyər zəncirlərinə inteqrasiyası Agentliyin əsas vəzifələri arasında yer alıb.

Agentlik xarici ölkələrdə Azərbaycan məhsullarının və yerli biznes maraqlarının təşviqi məqsədilə ticarət evlərinin və biznes əlaqələndirmə platformalarının yaradılması barədə təkliflər verəcək, həmçinin Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək.

Yeni quruma sahibkarların problemlərinin həlli ilə bağlı da mühüm səlahiyyətlər verilir. Agentlik sahibkarların müraciətlərinə baxacaq, onların hüquqlarını məhdudlaşdıran və ya pozan qərar, hərəkət və hərəkətsizliklərlə bağlı məsələ qaldıra, mübahisələrin həlli üçün tədbirlərin görülməsini təmin edə biləcək.

Agentliyin fəaliyyətində regionların inkişafı da ayrıca istiqamət kimi müəyyənləşdirilib. Qurum regional iqtisadi aktivliyin artırılması, yerli resursların dövriyyəyə cəlb edilməsi, regional klasterlərin yaradılması və sahibkarlıq infrastrukturunun inkişafına dəstək göstərəcək.

Bundan başqa, “yaşıl KOB”ların və qeyri-neft-qaz sektoruna yaşıl investisiyaların təşviqi, rəqəmsal transformasiya, innovasiya, məhsuldarlığın artırılması və beynəlxalq standartlara uyğun institusional inkişaf da Agentliyin funksiyalarına daxil edilib.

AZPROMO və KOBİA-nın funksiyaları bir qurumda

Prezidentin digər fərmanı ilə bir sıra əvvəlki fərmanlara dəyişiklik edilib.

Dəyişikliklər nəticəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) indiki hüquqi və institusional çərçivələri yeni Agentliyin yaradılması ilə əlaqədar yenilənir.

Beləliklə, KOB-ların inkişafı, investisiyaların və ixracın təşviqi üzrə funksiyalar yeni Agentlikdə birləşdirilir.

Sənədlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna yeni Agentlik və onun regional bölmələri daxil edilir.

Agentliyin Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi isə 79 ştat vahidi müəyyən edilir. Eyni zamanda İqtisadiyyat Nazirliyinin ümumi işçi sayı üzrə əvvəlki 5 402 ştat vahidi 5 772 ştat vahidinə çatdırılır.

Yeni Agentliyin direktorunu iqtisadiyyat naziri Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təyin və vəzifədən azad edəcək. Direktorun dörd müavini olacaq.

Agentliyə həmçinin “Enterprise Promotion” brendindən istifadə etmək hüququ verilir.

Prezidentin hər iki fərmanı 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni strukturla bağlı dəyişikliklər 24 fevral 2026-cı il tarixli fərmanla müəyyən edilmiş mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi prosesinin növbəti mərhələsi kimi rəsmiləşdirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər