2030-cu ildən başlayaraq Türk İnvestisiya Fondu (TIF) beynəlxalq kapital bazarlarında daha fəal rol oynamağı planlaşdırır – bu, beynəlxalq istiqrazların buraxılması, iqtisadi məqsədəuyğunluq olduqda isə üzv dövlətlərin valyutalarında maliyyə vəsaitlərinin cəlb edilməsi formasında ola bilər.
Bunu müsahibəsində TIF-in prezidenti Bağdad Amreyev bildirib.
O xatırladıb ki, Fondun 6 üzvü var: Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan.
B.Amreyevin sözlərinə görə, kapital bazarlarına çıxış uyğun zamanda həyata keçirilməlidir.
“Yeni beynəlxalq maliyyə institutu üçün istiqraz buraxılışı nüfuz məsələsi və ya öz-özlüyündə məqsəd olmamalıdır. Belə bir qərar iqtisadi cəhətdən əsaslandırılmalı və TIF möhkəm maliyyə mövqeyi, etibarlı korporativ idarəetmə və risklərin idarə edilməsi sistemi formalaşdırdıqdan, habelə layihələrin uğurlu maliyyələşdirilməsinə dair təsdiqlənmiş təcrübə topladıqdan sonra qəbul edilməlidir”, – Fondun prezidenti vurğulayıb.
O qeyd edib ki, hazırkı mərhələdə vəzifələri TIF-in kapitalından səmərəli istifadə etmək, perspektivli layihələri maliyyələşdirmək və Fondun nüfuzunu formalaşdırmaqdır.
“TIF təcrübə topladıqca və portfelini genişləndirdikcə, maliyyə cəlb etmək üçün yeni alətləri nəzərdən keçirə biləcək. 2030-cu ildən başlayaraq TIF beynəlxalq kapital bazarlarında daha fəal rol oynamağı planlaşdırır. Bura beynəlxalq istiqrazların buraxılması, iqtisadi məqsədəuyğunluq olduqda isə üzv dövlətlərin valyutalarında maliyyə vəsaitlərinin cəlb edilməsi daxil ola bilər. Portfelimiz inkişaf etdikcə dayanıqlı inkişaf istiqrazları və digər tematik alətlər də aktuallıq qazana bilər. Eyni zamanda, kapital bazarları bizim üçün öz-özlüyündə bir məqsəd deyil, bir alətdir. Fondun əlavə resurslar tələb edən keyfiyyətli layihələri olduqda və borclanmalar məqbul və davamlı şərtlərlə uğurlu layihələrin maliyyələşdirilməsi həcmini artırmağa imkan verdikdə borc vəsait cəlb etməliyik”, – B.Amreyev əlavə edib
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.







