Bu həftə bəşəriyyət dəri xərçənginin ən aqressiv növlərindən biri olan melanomaya qarşı vaksinin yaradılmasına bir addım da yaxınlaşıb. Moderna və Merck şirkətlərinin melanomaya qarşı hazırladığı fərdiləşdirilmiş intismeran autogene mRNT-vaksini klinik sınaqların gec mərhələsində ilk dəfə əsas hədəflərə çatıb.
Şirkətlərin məlumatına görə, vaksin Keytruda immunoterapiya preparatı ilə birlikdə istifadə edildikdə xərçəngin təkrarlanması və yayılması riskini azaldıb.
Konkret göstəricilər hələ açıqlanmayıb, lakin artıq indidən məlumdur ki, bu nəticə dəri xərçəngi keçirmiş insanların ömrünün uzadılmasına kömək edə bilər.
mRNT-vaksin nədir?
Matriks RNT, yəni mRNT, zülalın ilkin quruluşu barədə məlumatı DNT-dən onun sintez olunduğu yerə — ribosomlara daşıyan molekuldur. Başqa sözlə, bu, orqanizmə zülalları necə istehsal etməli olduğunu bildirən genetik materialdır.
mRNT-vaksinlərdə bu material süni şəkildə yaradılır ki, orqanizmin hüceyrələri müəyyən elementləri istehsal etməyə başlasın və bununla immun sisteminin qoruyucu reaksiyası işə düşsün. mRNT-vaksinlər COVID-19 pandemiyasından sonra geniş tanınıb.
Müalicə nə qədər başa gələ bilər?
Çox güman ki, müalicə bahalı olacaq. Söhbət hər bir xəstə üçün onun şişindəki unikal mutasiyalar nəzərə alınmaqla ayrıca hazırlanan fərdi mRNT-terapiyasından gedir.
Belə vaksin immun sistemini xərçəng hüceyrələrini tanımağa və onlarla mübarizə aparmağa “öyrədə” bilər. Müalicənin Keytruda ilə birlikdə aparılması isə xərcləri daha da artırır. Bu preparatla terapiya kursunun özü on minlərlə dollara başa gələ bilər.
Bu niyə vacibdir?
Reuters qeyd edir ki, bu, xərçəngə qarşı mRNT-vaksinin III faza klinik sınaqlarında əldə etdiyi ilk uğurlu nəticədir.
Dəri xərçəngi dünyada ən geniş yayılmış xərçəng növlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, 2020-ci ildə dünyada melanomadan təxminən 57 min insan həyatını itirib, il ərzində isə 320 mindən çox yeni melanoma halı qeydə alınıb.
İnvestorlar üçün isə sınaqların uğuru mRNT texnologiyasının COVID-19 vaksinlərindən sonra onkologiyada da böyük yeni bazar yarada biləcəyinə işarədir.
Sınaqlar Moderna-ya necə təsir edə bilər?
Moderna COVID-19 vaksininini məhz mRNT texnologiyası əsasında yaratmışdı. Pandemiya dövründə bu məhsul əvvəllər az tanınan biotexnoloji şirkəti dünyanın ən böyük vaksin istehsalçılarından birinə çevirdi. Moderna-nın 2021-ci ildə gəliri təxminən 18,4 milyard dollar təşkil etmişdi.
Lakin kütləvi vaksinasiya proqramlarının başa çatmasından sonra şirkətin həmin uğuru xeyli zəiflədi. 2025-ci ilin nəticələrinə görə, Moderna-nın gəliri 1,9 milyard dollar, xalis zərəri isə 2,8 milyard dollar olub.
Melanoma xəstələrində klinik sınaqların uğurlu nəticələri Moderna-ya böyük və yüksək tələbatlı yeni məhsulu bazara çıxarmağa kömək edə bilər.
Sınaqların uğuru barədə xəbərlər fonunda Moderna səhmləri təxminən 180% bahalaşıb. Bu, şirkətin tarixində ən böyük bir günlük artım olub.
Vaksin artıq gələn il bazara çıxa bilər. Barclays analitiklərinin proqnozuna görə, 2035-ci ilə qədər preparatın illik satışları təxminən 3 milyard dollara çata bilər.








