“Zaminbank” ASC və “Kredobank” ASC Azərbaycan İpoteka Fondunun (AİF)müvəkkil bankları sırasından çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən iyulun 22-dən etibarən “ “Zaminbank” və “Kredobank”ın bank lisenziyaları ləğv edilib. Bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.
“Beləliklə, Fondun müvəkkil-banklarının sayı 26-dək azalıb”, – deyə Fonddan qeyd ediblər.
Həmin bankların AİF-in vəsaitindən ipoteka kreditləri üzrə portfeli Fondun digər müvəkkil banklarının xidmətinə veriləcək.
2016-cı il 1 iyul tarixinə olan vəziyyətə görə, “Zaminbank”da AİF-in vəsaitindən 1,631 min ipoteka krediti (müvəkkil banklar arasında 1-ci yer), “Kredobank”da 127 ipoteka krediti var.
“Zaminbank” 1992-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biri olub.
“Kredobank” 1994-cü ilin fevralında yaradılıb. Bankın səhmdarları 14 hüquqi və fiziki şəxsdir.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.