“Fitch”: SOFAZ 2024-2026-cı illərdə ən böyük qızıl alıcılarından biri olub

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) qızıl ehtiyatı ölkənin suveren xarici buferlərinin möhkəmləndirilməsində əsas amildir.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verilir ki, cari ilin birinci rübünün sonuna SOFAZ-ın investisiya portfeli 73,5 milyard ABŞ dollarına çatıb, bu da Azərbaycanın proqnozlaşdırılan illik ÜDM-nin təxminən 93,2 %-ni təşkil edir.

Bununla yanaşı, qızıl SOFAZ-ın portfelinin ən böyük tərkib hissəsidir və fondun ümumi aktivlərinin 36 %-i onun payına düşür. Ötən ilin sonuna Azərbaycanın suveren xarici aktivlərində qızılın payı 32,2 % təşkil edib.

Agentliyin analitikləri vurğulayıblar ki, qiymətli metalın dəyərinin artması 2023-cü ildən bu ilin birinci rübünədək olan dövrdə SOFAZ-ın aktivlərinin birbaşa 19,4 milyard ABŞ dolları artmasını təmin edib. Eyni zamanda, bu artımın 26 %-i qızıl ehtiyatlarının həcminin artırılması hesabına əldə edilib.

Bundan əlavə, 2024-cü ildən 2026-cı ilin iyun ayınadək olan dövrdə SOFAZ ümumilikdə 76 ton qızıl alaraq, Polşa (274 ton), Çin (111 ton) və Hindistanın (77 ton) mərkəzi banklarından sonra dünyanın ən böyük institusional alıcıları sırasına daxil olub.

“Qızılın yüksək qiymətinin müsbət təsiri portfelin idarə olunması əməliyyatları, xüsusilə də onun yenidən balanslaşdırılması məqsədilə 2026-cı ilin yanvar-aprel aylarında qızıl ehtiyatlarının bir hissəsinin kumulyativ satışı hesabına qismən korreksiya olunub”, – “Fitch”in hesabatında bildirilib.

Regionun digər ölkələrindən (Özbəkistan və Qırğızıstan) fərqli olaraq, Azərbaycanda qızıl əmtəə ixracında demək olar ki, heç bir paya malik deyil (2025-ci ilin yekunlarına görə cəmi 0,2 %). Agentlik vurğulayıb ki, ölkə qiymətli metalların ixracından asılı olmayan ənənəvi cari əməliyyatlar hesabının profisitini qoruyub saxlayır.

“Azərbaycan qızıl ehtiyatlarını əsasən ölkə daxilində saxlayır. Dövlət ərazisində fiziki saxlama (İngiltərə Bankı kimi xarici hablarda saxlamadan fərqli olaraq) siyasi-hüquqi riskləri azaldır və Azərbaycan qızılının likvidliyini xaricdə yerləşdirilmiş aktivlərə bərabər qiymətləndirirlər”, – qeyd edilib.

Agentlik xatırladıb ki, Azərbaycanın suveren reytinqi “Sabit” proqnozla “BBB-” səviyyəsindədir.

“Fitch” Azərbaycanın xalis xarici kredit öhdəlikləri və valyuta likvidliyi üzrə mövqelərini “müstəsna dərəcədə güclü” kimi xarakterizə edib. Ölkənin kredit reytinqi artıq SOFAZ-ın genişmiqyaslı ehtiyatlarını əks etdirən xarici maliyyə kateqoriyası üzrə keyfiyyət əlavəsini (+1 pillə) özündə ehtiva edir.

“Qızılın daha yüksək qiymətlərinin SOFAZ-ın aktivlərinin həcminə aşkar müsbət təsir göstərməsinə və ölkə reytinqini dəstəkləməsinə baxmayaraq, onlar özlüyündə Azərbaycanın kredit reytinqinin dərhal daha da yüksəlməsinə çətin ki, gətirib çıxarsın”, – “Fitch Ratings”-dən bildirilib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər