Vətəndaşları aldadaraq onların adına şirkətlər təsis edərək qanunsuz pul dövriyyələrini həyata keçirən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror ittiham aktını elan edib.
Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluğun apardığı araşdırmalar nəticəsində cinayət işi üzrə 10-a yaxın şəxs məsuliyyətə cəlb olunub.
Təqsirləndirilənlər arasında “SHARM DİZAYN” MMC-nin rəhbəri Elton Səlimov, “KANARYA.LLD” MMC-nin rəhbəri Çələbi Məmmədov, “ZINAV-LTD” MMC-nin rəhbəri Rövşən Hüseynov və onlarla əlbir olmaqda ittiham edilən digər şəxslər var.
İş materiallarına əsasən, dəstə üzvləri müxtəlif vətəndaşları aldadaraq onların adına VÖEN və şirkətlər rəsmiləşdirib, daha sonra həmin hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.
Zərərçəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra öz adına şirkət açıldığını və həmin şirkətin 55 min manat vergi borcunun yarandığını öyrənib.
Digər zərərçəkən isə xaricə getmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bilib. Bundan sonra məlum olub ki, onun adına rəsmiləşdirilmiş şirkətlər üzrə 40 min manatdan artıq vergi borcu yaranıb.
İstintaq zamanı həmin şəxsin adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə bir milyon manatdan artıq dövriyyənin qeydə alındığı müəyyən edilib.
İttihama görə, təqsirləndirilən şəxslər bu əməllər nəticəsində milyonlarla manat qanunsuz gəlir əldə ediblər.
Şikayətlər və ödənilməmiş vergi öhdəlikləri ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində geniş araşdırma aparılıb. Toplanmış sübutlar əsasında Çələbi Məmmədov və Rövşən Hüseynov da daxil olmaqla bir sıra şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf kimi tanınıb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 178.4, 193-1.3.1, 193-1.3.2, 193.3.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.







