2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 858,7 milyon manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, ötən ilin eyni dövründə bank sektorunun xalis mənfəəti 682,8 milyon manat təşkil edib. Beləliklə, bu ilin ilk 7 ayında bankların xalis mənfəəti illik müqayisədə 175,9 milyon manat və ya 25,8% artıb.
Hesabat dövründə bankların əməliyyat mənfəəti 1 milyard 307,2 milyon manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,8% çoxdur. Banklar cari ilin 7 ayında ümumilikdə 213,4 milyon manat mənfəət vergisi ödəyiblər.
31 iyul 2026-cı il tarixinə Azərbaycanda 21 bank fəaliyyət göstərib. Bankların 504 filialı və 82 şöbəsi, həmçinin 3 505 ATM-i olub. Bank sektorunda çalışanların sayı iyul ayında 93 nəfər və ya 0,3% artaraq 27 555 nəfərə çatıb.
İyulun sonunda bank sektorunun cəmi aktivləri 60 milyard 979,9 milyon manat, cəmi öhdəlikləri 53 milyard 330,2 milyon manat, balans kapitalı isə 7 milyard 649,7 milyon manat təşkil edib. Ay ərzində hər üç göstərici 0,1% artıb.
Bankların kredit portfeli iyul ayında 274 milyon manat və ya 0,9% artaraq 32 milyard 95,3 milyon manata yüksəlib. Kredit portfelinin 17 milyard 333 milyon manatı və ya 54%-i biznes kreditlərinin, 10 milyard 36,8 milyon manatı və ya 31,3%-i istehlak kreditlərinin, 4 milyard 725,5 milyon manatı və ya 14,7%-i ipoteka kreditlərinin payına düşüb.
Bank öhdəliklərinin əsas hissəsini depozitlər təşkil edib. İyulun sonunda depozit portfeli 40 milyard 394,3 milyon manat olmaqla bankların cəmi öhdəliklərinin 75,7%-ni təşkil edib. Depozitlərin 22 milyard 927,8 milyon manatı və ya 56,8%-i hüquqi şəxslərin, 17 milyard 466,5 milyon manatı və ya 43,2%-i fiziki şəxslərin vəsaitlərindən ibarət olub.
Fiziki şəxslərin əmanətləri 17 milyard 466,5 milyon manat təşkil edib. Bunun 12 milyard 522,4 milyon manatı və ya 71,7%-i milli valyutada, 4 milyard 944,2 milyon manatı və ya 28,3%-i xarici valyutada olub. Əmanət portfelinin 11 milyard 342,2 milyon manatı və ya 64,9%-i müddətli əmanətlərin payına düşüb.
İyul ayında bank sektorunda unikal müddətli əmanətçilərin sayı 2 755 nəfər və ya 1,2% artaraq 223,4 min nəfərə çatıb. İlin əvvəlindən isə bu göstərici 29 230 nəfər və ya 15,1% artıb.
Hüquqi şəxslərin tələbli depozitləri iyulun sonunda 17 milyard 120,7 milyon manat təşkil edib ki, bu da hüquqi şəxslərin ümumi depozit portfelinin 74,7%-nə bərabərdir.







