Dünya iqtisadiyyatı növbəti böhran təhlükəsindən qurtara bilmir. Yeni böhranın yaşanması üçün səbəblər çoxdur, bu səbəblər hətta bir neçə ümumdünya iqtisadi böhranının baş verməsinə yetər. Bir tərəfdən bütün dünyaya yayılmış dövlət istiqrazları üzrə mənfi gəlirlik praktikası, digər tərəfdən İtaliyada bütün maliyyə sistemini partlada biləcək, vaxtı keçmiş kreditlərlə bağlı bank böhranı, üçüncü tərəfdən Böyük Britaniyanın Avropa İttifaqından çıxması Avropa iqtisadiyyatına mənfi təsirini hələ də saxlayır. Bu sıralamaya indi növbəti amil əlavə olunur.
İyunun sonunda Beynəlxalq Valyuta Fondu “Deutsche Bank”ı dünya maliyyə sisteminin dayanıqlığı üçün ən böyük təhlükə adlandırıb. Həmin vaxtda ABŞ-da Federal Ehtiyat Sistemi bəyan edib ki, bankın Amerika bölməsi FES tərəfindən stress-testdən keçməyib ki, bunun da əsas səbəbi kimi keyfiyyətsiz risklərin idarə edilməsi və maliyyə planlaşdırma qeyd olunub. Maraqlıdır ki, iştirak edən 33 bankdan stress-testdən cəmi iki bank keçməyib və “Deutsche Bank” onlardan biri olub. Bunun fonunda bankın səhmləri 30 illik minimumadək ucuzlaşıb, mütəxəssislər və investorlar isə iddia edirlər ki, “Deutsche Bank” 2008-ci ildə dünya maliyyə böhranı yaradan Amerika “Lehman Brothers” bankının taleyini təkrarlaya bilər, amma nəticələr daha da faciəli ola bilər. Belə bəyanatlar üçün həqiqətən əsaslar var. Birincisi,“Deutsche Bank” dünya miqyasında sistemli banklardan biridir, onun investisiya bölməsi dünyada ən irilərindəndir və “Bank of Amerika”, “Merrill Lynch”, “JP Morgan”, “Citigroup” kimi qurumların investisiya bölmələri ilə eyni miqyasdadır. İkincisi, bu bank bir sıra iri və əhəmiyyətli bank, sığorta və investisiya qurumları ilə sıx əlaqəlidir ki, onun iflasa uğraması həmin qurumlara faciəli təsir edəcək və onları eyni taleyə düçar edəcək.
Qısaca desək, “Deutsche Bank”ın indiki problemlər portfelində müxtəlif derivativlərin (törəmə qiymətli kağızların) həcmi misli görünməmiş səviyyədədir. Hazırda bankın portfelində derivativlərin nominal həcmi 73 trln. dollara yaxındır ki, bu da 3,4 trln. dollar təşkil edən Almaniyanın ÜDM-dən 20 dəfə artıqdır. Eyni zamanda bankın məcmu kapitalı yalnız 60 mlrd. dollara bərabərdir. Bundan əlavə 1,7 trln. dollar təşkil edən bankın real aktivlərin cəmi 700 mlrd. dolları depozitlər tərəfindən təmin edilir, qalan vəsaitlər qısamüddətli öhdəliklərdir. Beləliklə, risklərin idarə edilməsi sahəsində natarazlıq göz qabağındadır. “Lehman Brothers”lə paralel də göz qabağındadır, çünki 2008-ci ildə bu qurum iflasa uğraması əsas səbəbi onun portfelində misli görünməmiş həcmində törəmə qiymətli kağızlar, ilk növbədə ipoteka qiymətli kağızları olmuşdur.
Bu ilin əvvəlindən “Deutsche Bank”ın səhmləri 2 dəfə ucuzlaşıb ki, bu da kapitallaşmasının 2 dəfə azalması deməkdir. Banka dünya miqyasında diqqət güclənəndə məlum olub ki, bank derivativlərlə əməliyyatlar üzrə 12 mlrd. dollar həcmində zərər “əldə” edib. Nəticədə, hələ 2013-cü ildə bank bəyan etmişdi ki, əlavə kapitalda ehtiyacı var və bu çərçivədə əvvəl 3 mlrd. dollar, sonra 1,5 mlrd. dollar, sonra daha 8 mlrd. dollar cəlb edib ki, bu da əlavə səhmlərin buraxılması hesabına həyata keçirilib. Ötən il aparılan təhlil göstərib ki, bankın yenə də əlavə kapitala ehtiyacı var. Bundan əlavə bankın mənfəət üzrə göstəriciləri də ürəkaçan olmayıb. Sonra bankın problemləri yalnız kəskinləşirdi – bankın işçiləri və bəzi rəhbər şəxsləri bir neçə maliyyə qalmaqalında iştirak edib ki, bu da bankın cərimələməsi ilə nəticələnib. Yekun olaraq, “Standard&Poor’s” agentliyi bankın reytinqini A- səviyyəsindən BBB+ səviyyəsinədək endirib.
Bankda faktiki olaraq fövqəladə restkrukturizasiya prosesi başlanıb ki, bunun çərçivəsində müxtəlif addımlar atılır. İyulun 18-də elan edilib ki, bank Almaniyada 200-dən artıq filialı bağlayır ki, bu da filialların sayının təxminən ¼-nü təşkil edir.
Hazırda “Deutsche Bank”da baş verənlərin böhrana səbəb ola biləcəyinə inananların sayı azdır, bir çox mütəxəssislər nikbin yanaşırlar ki, bankın sistem əhəmiyyətli olduğu səbəbindən və 2008-ci ilin təcrübəsi Avropa bank tənzimləyicini, hökuməti və bankın özünü çevik və təsiredici addımlar atmağa məcbur edəcək. Aydındır ki, hazırda bir neçə əsas tədbirin həyata keçirməsi lazımdır ki, bunlar kapitalın artırılması, xərclərin azaldılması və ən əsası portfelin risklər baxımından qiymətləndirilməsi və restrukturizasiya edilməsidir. Hadisələr göstərir ki, proses bir müddətdir ki aparılır, yəni 2008-ci ildəki kimi “Lehman Brothers”lə bağlı vəziyyətdən fərqli olaraq, hadisələr başlı-başına buraxılmayıb. Həmin fakt nikbinliyə zəmin yaradıb, amma eyni zamanda hamı bir fikirdədir ki, əgər aparılan işlər, görülən tədbirlər müsbət nəticələr verməzsə, əvvəl Avropada, sonra isə bütün dünyada yeni maliyyə böhran yarana bilər.
Yuxarıda qeyd olunan digər böhrana səbəb ola biləcək amillərlə paralel bu hadisə dünya maliyyə sistemi üçün dağıdıcı təsir edə bilər. Məsələn, əgər İtaliyada yaranan bank böhranı genişlənsə Avropa Mərkəzi Bankından çevik addımlar tələb olunacaq və ilk növbədə maliyyə dəstəyi lazım olacaq. Eyni zamanda “Deutsche Bank” öz qüvvəsi ilə problemlərlə bacara bilməzsə, Avropa Mərkəzi Bankın və Almaniya hökumətinin buraya da xilasedici müdaxilə tələb olunacaq. Həmin zaman Böyük Britaniyanın Avropa İttifaqından çıxışı ilə əlaqədar olaraq maliyyə sektorunda problemlər və natarazlıqlar yanarsa, vəziyyət həqiqətən pik səviyyəsinə çata bilər və Avropanın maliyyə sistemi buna dözməyə bilər.
Bu, “Deutsche Bank”da yaranmış vəziyyəti tez bir zamanda həll yoluna qoyulması zərurətinin kəskin artırır və ümid etmək olar ki, həmin istiqamətdə lazımı tədbirlər aparılacaq. Amma aydındır ki, miqyasın iri olduğundan Almaniya hökumətinin və Avropa Mərkəzi Bankın müdaxiləsi də zəruri görünür.
APA