Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmonzoda Abdurahmon Gülüstan şəhərində keçirilən görüş zamanı Tacikistanın azad iqtisadi zonalarına (AİZ) Azərbaycan investisiyalarının cəlb edilməsini müzakirə ediblər.
Bu barədə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi məlumat yayıb.
“Görüş zamanı tərəflər ticari-iqtisadi və investisiya əməkdaşlığının gələcək inkişafı, birgə müəssisələrin yaradılması, Tacikistanın azad iqtisadi zonalarına Azərbaycan investisiyalarının cəlb edilməsi, sənaye kooperasiyasının genişləndirilməsi, rəqəmsallaşma, həmçinin nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər”, – məlumatda bildirilib.
Qeyd olunub ki, Tacikistan və Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi ötən il 2024-cü illə müqayisədə 241 % artaraq 14,7 milyon ABŞ dollarına çatıb. Bu ilin yanvar-iyun aylarında bu göstərici 10,2 milyon ABŞ dolları təşkil edib.
Tərəflər əldə olunmuş razılaşmaların praktiki icrasını təmin etməyə, birgə investisiya layihələrini təşviq etməyə və iki ölkənin sahibkarları arasında əlaqələri möhkəmləndirməyə hazır olduqlarını vurğulayıblar.







