Mədənçıxarma sənayesi Türkiyə iqtisadiyyatının ən perspektivli sahələrindən biridir. Yeni “Mollakara” yatağının işlənməsi sayəsində Türkiyədə qızıl hasilatının həcmi 10 faiz artacaq.
Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İranla sərhəddə yerləşən Ağrı vilayətinin Diyabin rayonunda yatağın işlənməsinə başlanması mərasimində çıxış edərkən deyib.
O bildirib ki, qarşıdakı 5 il ərzində ölkənin bu bölgəsində təxminən 17 ton qızıl hasil ediləcək, ilin sonunadək isə həmin göstərici 1 ton təşkil edəcək.
C.Yılmaz Türkiyədə qızıla tələbatın yüksək səviyyədə olduğuna diqqət çəkərək, ölkənin hər il 150 tondan çox qızıl idxal etdiyini xatırladıb.
“Enerji daşıyıcılarından sonra Türkiyənin idxalında ikinci ən böyük paya qızıl alışları sahibdir. Əgər ötən il qızıl idxal etməsəydik, xarici ticarət əməliyyatları üzrə cari hesab kəsiri, demək olar ki, sıfır olardı. Təəssüf ki, ölkəmizdə qızıla yığım vasitəsi kimi yanaşma çox geniş yayılıb”, – deyə Türkiyənin vitse-prezidenti qeyd edib.
Cevdet Yılmaz Türkiyə əhalisinin əlində olan qızılın həcminin Mərkəzi Bankın ehtiyatlarından dəfələrlə çox olduğunu bildirib.
“Hazırda Türkiyədə qızıl hasilatı təxminən 30 ton təşkil edir. Hasilatı nə qədər çox artırsaq, cari hesab kəsirini də bir o qədər azaldacağıq”, – deyə o vurğulayıb.







