“Çudo Peçka” şirniyyat mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 ildən sonra azadlığa çıxıb.
Banker.az-ın məlumatına görə, Cəlilov 2017-ci ilin iyulunda “Bank Standard” QSC ilə bağlı cinayət işi çərçivəsində həbs edilmişdi.
İstintaq materiallarına əsasən, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi olan Çingiz Cəlilov “Bank Standard”ın İdarə Heyətinin sabiq sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21 milyon 874 min manat kreditin rəsmiləşdirilməsinə nail olmaqda ittiham olunurdu.
Baş Prokurorluğun həmin dövrdə yaydığı məlumata görə, kreditlər dəyəri süni şəkildə yüksək qiymətləndirilmiş əmlakların girov qoyulması ilə müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş, sonradan bir neçə dəfə restrukturizasiya edilmişdi. İttihama əsasən, nəticədə bankın 13 milyon 962 min manat vəsaiti mənimsənilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci ilin avqustunda çıxardığı hökmlə Çingiz Cəlilov Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Cəlilov məhkəmə prosesi zamanı ittihamları qəbul etməmiş, kredit vəsaitlərinin böyük hissəsinin ona çatmadığını bildirmişdi.







