ABŞ-nin S&P 500 indeksi üzrə fyuçerslər 0,82% azalaraq 7 635,5 bənd səviyyəsindədir. Çərşənbə axşamı S&P 500 indeksi 0,82% geriləyərək 7 629,62 bəndə, Dow Jones 0,91% azalaraq 52 752,72 bəndə, Nasdaq 100 isə 1,29% düşərək 29 078,24 bəndə enib.
ABŞ-nin İrana zərbələri bərpa etməsi fonunda neft qiymətlərinin kəskin yüksəlməsi investorlar arasında zəncirvari mənfi reaksiyaya səbəb olub. Brent markalı neft üzrə fyuçerslər bir barel üçün 95 dolları ötüb. Bloomberg yazır ki, neft qiymətlərinin bahalaşması yeni inflyasiya dalğasına səbəb ola bilər. Buna görə treyderlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabrda keçiriləcək növbəti iclasda faiz dərəcəsini dəyişməz saxlayacağı ehtimalına daha çox şübhə etməyə başlayıblar.
Bazar iştirakçılarının diqqət mərkəzində istiqraz gəlirliliyinin yüksəlməsi də olub. ABŞ-nin 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi 4,81%-ə qədər yüksəlib. Bu, 2023-cü ilin sonundan bəri ən yüksək göstəricidir. Bu arada Apple şirkətinin baş direktorunu rəsmən dəyişməsindən sonra səhmləri 2,61% bahalaşıb. Tim Kuku Con Ternus əvəz edib və o, çıxışında şirkətin yeni məhsulların hazırlanması sahəsində perspektivlərini yüksək qiymətləndirib.
Çip istehsalçılarının səhmləri isə ucuzlaşıb. Nvidia səhmləri 1,51%, AMD 2,36%, Intel isə 0,6% dəyər itirib.
Asiya bazarları da Uoll-stritin ardınca geriləyir. Yaponiyanın Nikkei 225 indeksi 2,87% azalaraq 64 315,74 bəndə, Cənubi Koreyanın Kospi indeksi 3,91% geriləyərək 6 568,83 bəndə düşüb. Honq Konqun Hang Seng indeksi 0,96% azalaraq 25 087,22 bənd, Çinin Shanghai Composite indeksi isə 0,82% geriləyərək 3 947,25 bənd səviyyəsindədir.






