Niderlandın ən böyük bank qrupu olan ING Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,9 %, 2027-ci ildə 3 %, 2028-ci ildə isə 2,3 % artacağını proqnozlaşdırır.
Bu barədə ING-in məlumatında bildirilir.
Əvvəlki qiymətləndirmələrlə müqayisədə cari il üçün ÜDM-in artım tempinə dair proqnoza yenidən baxılıb və göstərici 0,1 faiz bəndi azaldılıb, 2027 və 2028-ci illər üzrə göstəricilər isə əvvəlki səviyyədə qalıb.
Bundan irəli gələrək 2026-2028-ci illər ərzində Azərbaycanda ÜDM-in orta illik artımı 2,4 % səviyyəsində qiymətləndirilir. Bankın hesablamalarına görə, 2026-cı ilin üçüncü rübündə iqtisadi artım 3 %, dördüncü rübündə isə 3,3 % təşkil edəcək.
Bundan başqa, 2027-ci ilin birinci rübündə ÜDM-in 3 %, ikinci rübdə 3,5 %, üçüncü rübdə 2 %, dördüncü rübdə isə 3,5 % artacağı gözlənilir. Qeyd etmək lazımdır ki, 2025-ci ilin yekunları üzrə Azərbaycanda iqtisadi artım 1,4 % təşkil edib.
İqtisadiyyat Nazirliyi cari ildə ÜDM-in 1,7 % artacağını proqnozlaşdırır, qeyri-neft-qaz sektoru 3,7 % artacaq, neft-qaz sektoru isə 3,3 % azalacaq.
Azərbaycan Mərkəzi Bankı ölkədə ÜDM artımını 2026-cı ildə 0,5 %, 2027-ci ildə isə 2,6 % səviyyəsində gözləyir.







