Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Türkiyənin Kahramanmaraş şəhərində həyata keçirdiyi “Azərbaycan” yaşayış məhəlləsi layihəsi üzrə işlərin bir neçə ay ərzində tam başa çatdırılması planlaşdırılır.
Bu barədə MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov açıqlamasında bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində tikinti prosesi davam edir. Hazırda yaşayış binaları ilə yanaşı, məktəb və uşaq bağçası üzrə də işlər aparılır.
Cəmşid Əmirov qeyd edib ki, layihə üzrə nəzərdə tutulan bütün işlərin bir neçə ay ərzində yekunlaşdırılması gözlənilir.
Qeyd edək ki, Kahramanmaraşdakı “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 27,6 hektardır. Layihə 68 yaşayış binasında ümumilikdə 1 194 mənzilin, həmçinin ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisini nəzərdə tutur.







