Çinin şəhərlərində pilotsuz taksilər artıq heç kimi təəccübləndirmir. Kuryer dronları da nadir hal deyil. Amma indiyədək yaradılmış ən ağır avtonom maşınlardan birini görmək üçün Çinin şimal-şərqindəki çöllərə, 42 kvadratkilometr ərazini əhatə edən nəhəng İmin kömür karxanasına getmək lazımdır. Karxananın dibində hər biri 90 ton kömür daşıya bilən yüzə yaxın yük maşını görmək olar və onların ətrafında bir nəfər belə yoxdur. Sürücü kabinəsinin olmalı olduğu yerdə isə böyük qara akkumulyator blokları yerləşdirilib.
Karxananı idarə edən dövlət energetika şirkəti Huaneng-in meneceri Çjao Yaoçjun bildirib ki, pilotsuz yük maşınlarının tətbiqindən sonra 120 işçi karxanadan kənardakı vəzifələrə keçirilib. Beləliklə, onlar açıq mədən işlərinin tozundan və təhlükələrindən uzaqlaşdırılıblar. Sürücüsüz maşınlar daha böyük həcmdə iş görə bilir: onlar sutka boyu, istənilən hava şəraitində işləyir, hətta akkumulyatorlarını da özləri dəyişirlər. Plan həyata keçərsə, qarşıdakı üç il ərzində karxanada insanların iştirakı minimuma endiriləcək və parka daha 300 pilotsuz yük maşını əlavə olunacaq.
İmin karxanasının təcrübəsi daha çox telekommunikasiya avadanlıqları və istehlak elektronikası ilə tanınan Çin texnologiya nəhəngi Huawei-nin “korporativ” istiqamətinin necə inkişaf etdiyini göstərir. ABŞ sanksiyalarından ciddi zərər görən əsas biznesinin fonunda Huawei 2021-ci ildə bu bölmənin “juntuan”, yəni Çin dilində “ordu korpusları” adlandırılan bir sıra yeni komandalar yaradacağını açıqlamışdı. Onların vəzifəsi şirkətdə toplanmış texnologiya və ekspertizanı konkret korporativ müştəri qruplarının ehtiyaclarına uyğunlaşdırmaqdır: hava limanı operatorlarından tutmuş neft-qaz müəssisələrinədək.
Mədən “korpusu” bu inteqrasiya olunmuş yanaşmanı aydın şəkildə nümayiş etdirir. Karxananın müxtəlif nöqtələrində yerləşdirilən Huawei baza stansiyaları bütün ərazini 5G şəbəkəsi ilə əhatə edir və yük maşınlarının avtonom idarəetmə sistemi bu şəbəkə olmadan işləyə bilməzdi. İdarəetmə sistemi Huawei-nin avtomobil bölməsinin texnologiyası əsasında yaradılıb, lakin yük maşınlarının ölçülərinə, çəkisinə və karxana şəraitinə uyğunlaşdırılıb. Karxananın əməliyyatlarının idarəetmə interfeysi MineHarmonyOS əməliyyat sistemində işləyir. Bu sistemi Huawei-nin smartfon və digər istehlak elektronikası hazırlayan bölməsi yaradıb. Bir sıra yeraltı mədənlərdə isə geoloji məlumatların təhlili və avadanlığın uzaqdan monitorinqi üçün şirkətin bulud bölməsinin hazırladığı süni intellekt modelindən istifadə olunur.
Huawei özəl şirkət olduğuna görə onun korporativ istiqamətinin maliyyə göstəricilərini dəqiq qiymətləndirmək çətindir. Şirkət bu seqment üzrə gəliri sonuncu dəfə 2022-ci ildə açıqlayıb. Həmin vaxt korporativ istiqamət bütün satışların beşdə birini təmin edir və qrupun ən sürətlə böyüyən biznesi hesab olunurdu. Mədən bölməsinin rəhbəri Endi Vu bildirir ki, bu biznes gəlirli olsa da, onun mənfəət marjası son dərəcə aşağıdır.
Bununla belə, korporativ istiqamətin Huawei üçün əhəmiyyəti getdikcə artacaq. Avqustun 31-də şirkət açıqlayıb ki, 2026-cı ilin birinci yarısında gəlirin 10% artmasına baxmayaraq, xalis mənfəət illik müqayisədə 37% azalıb. Məlumat mərkəzləri bumunun yaratdığı yaddaş çiplərinin bahalaşması istehlak seqmentinin rentabelliyini aşağı salıb. Huawei eyni zamanda tədqiqat və inkişafa xərcləri kəskin artırıb: ilin ilk altı ayında bu xərclər gəlirin dörddə birini təşkil edib. Şirkət bununla itirdiyi ABŞ texnologiyalarını, o cümlədən ən qabaqcıl yarımkeçiriciləri əvəz etməyə çalışır.
Çin hökumətinin Huawei məhsullarından izləmə məqsədilə istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar bir çox Qərb ölkəsini şirkətə məhdudiyyətlər tətbiq etməyə sövq edib və son on il ərzində Huawei-nin xarici bazarlardakı satışları azalıb. Bu isə ölkə daxilində yeni artım mənbələrinin tapılmasını daha da vacib edir, xüsusilə də Çində milli 5G şəbəkəsinin qurulması artıq böyük ölçüdə tamamlanıb. Huawei üçün müsbət məqam ondan ibarətdir ki, Çin hökuməti süni intellektin istehsaldan və nəqliyyatdan elektrik şəbəkələrinin idarə edilməsinədək ən müxtəlif sahələrdə praktik tətbiqini fəal şəkildə dəstəkləyir. Huawei-nin “ordu korpusları” da məhz buna hazırdır.







