Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda intensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0,4 manat məhsul subsidiyası veriləcək.
Banker.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Subsidiyanın tətbiqi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortası, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunacaq.
Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilmiş iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,3 manat/ədəd, yuna isə 0,30 manat/kq məhsul subsidiyası tətbiq ediləcək.
Bundan başqa, heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə mövcud süni mayalanma subsidiyası diferensiallaşdırılacaq. Yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürmə nəticəsində alınan buzovlara isə 250 manat subsidiya veriləcək.







