Azərbaycanda yeni intensiv süd fermalarına 75 min manatdan başlayan subsidiya imkanı yaranır

Azərbaycanda intensiv heyvandarlıq təsərrüfatlarının yaradılması üçün yeni subsidiya mexanizmi tətbiq olunacaq.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanların hər birinə görə 1 500 manat subsidiya veriləcək. Ətlik cinslər üzrə dəstək isə hər heyvana 1 000 manat təşkil edəcək.

Banker.az-ın məlumatına əsasən, subsidiya mexanizmindən yararlanmaq üçün təsərrüfatda minimum 50 baş cins və ya minimum 100 baş mələz sağmal heyvanın olması tələb edilir. Bu isə o deməkdir ki, minimum tələbi ödəyən və 50 baş südlük cins heyvanla yaradılan yeni intensiv təsərrüfat üzrə subsidiya məbləği 75 min manata çata bilər.

100 baş südlük heyvan olan təsərrüfat üçün bu rəqəm 150 min manat, 200 başlıq təsərrüfat üçün isə 300 min manat təşkil edə bilər.

Mövcud təsərrüfatlar üçün də ayrıca dəstək mexanizmi müəyyənləşdirilib. Cins sağmal heyvanlara 500 manat/baş/il, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat/baş/il, mələz sağmal heyvanlara isə 200 manat/baş/il subsidiya veriləcək.

Yeni mexanizm iri və intensiv südçülük təsərrüfatlarının yaradılması üçün ilkin investisiyanın bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsinə imkan yaradır. Xüsusilə 100 və daha çox baş heyvana malik fermalarda subsidiya məbləği artıq on minlərlə deyil, yüz minlərlə manatla ölçülə bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər