Qızıl ABŞ əmək bazarı məlumatları və Hörmüzdə eskalasiya fonunda ucuzlaşır

Qızılın qiyməti ardıcıl üçüncü sessiyadır azalır. Bloomberg yazır ki, buna iki əsas amil təsir edir: ABŞ-də məşğulluq göstəricilərinin FED-in faiz dərəcəsini artıracağı ilə bağlı gözləntiləri gücləndirməsi və Hörmüz boğazında yeni qarşıdurmaların inflyasiya risklərini artırması.

Hazırda qızılın bir troya unsiyası təxminən 4 440 dollara ticarət olunur və 0,75% ucuzlaşıb. Xatırladaq ki, ötən həftə ABŞ-də avqust ayında yeni iş yerlərinin sayının gözləntiləri üstələməsi və işsizlik səviyyəsinin sabit qalması barədə hesabatdan sonra qızıl təxminən 1% dəyər itirmişdi.

Treyderlər FED-in 15–16 sentyabr iclasında faiz dərəcəsini artırması ehtimalını təxminən 60% qiymətləndirirlər. Dolların möhkəmlənməsi və ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliyinin yüksəlməsi faiz gəliri gətirməyən qızıl üzərində əlavə təzyiq yaradır.

Qeyri-müəyyənliyi artıran digər amil isə ABŞ-nin hücumlarına cavab olaraq İranın Hörmüz boğazında üç neft tankerinə və ABŞ-la əlaqəli gəmilərə yeni zərbələr endirməsi olub. Brent markalı neftin qiyməti bir barel üçün 97 dollara yaxınlaşaraq inflyasiya ilə bağlı narahatlıqları daha da gücləndirib.

Bazarın diqqəti bu həftə açıqlanacaq ABŞ inflyasiya göstəricilərinə — istehlak qiymətləri indeksinə (CPI) və istehsalçı qiymətləri indeksinə (PPI) yönəlib. Bu məlumatlar FED-in faiz qərarı üçün əsas siqnallardan biri olacaq.

Bununla yanaşı, Goldman Sachs da daxil olmaqla iri investorlar qızıl üzrə uzunmüddətli müsbət proqnozlarını qoruyurlar. Onlar mərkəzi bankların alışları və təhlükəsiz aktivlərə tələbat fonunda qızılın qiymətinin ilin sonunadək 4 900 dollara yüksələ biləcəyini gözləyirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər