ABŞ Moskva və Kiyevə yenilənmiş sülh təklifləri təqdim edib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Ukrayna müharibəsinin dayandırılması ilə bağlı yenilənmiş təklifləri Moskva və Kiyevə təqdim ediblər.
Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin mənbələrinin sözlərinə görə, sülh yolu ilə nizamlanmaya dair əvvəl hazırlanmış sənədlər yenidən nəzərdən keçirilib və fevralda danışıqların dalana dirənməsindən sonra dəyişən şəraitə uyğunlaşdırılıb.
Bununla belə, Uitkoff və Kuşnerin az sayda yeni ideya irəli sürdüyü bildirilir. Onların əsas məqsədi əvvəlki təklifləri yenidən gündəmə gətirmək və Kiyevlə Moskva arasındakı fikir ayrılıqlarını azaltmaq olub.
Mənbələr sentyabrın 6-da aparılan müzakirələr zamanı Ukraynadakı müharibənin qışa qədər başa çatmasının çətin olacağı barədə “ümumi anlaşmanın” yarandığını qeyd ediblər.
“Financial Times”ın qiymətləndirməsinə görə, ABŞ nümayəndələrinin səfəri danışıqlarda irəliləyiş yaratmayıb, genişmiqyaslı atəşkəsin perspektivləri isə qeyri-müəyyən olaraq qalır. Məlumata görə, nümayəndələr əsasən əvvəlki sülh təkliflərini yenidən canlandırmağa çalışıblar.







