Azərbaycanda sel-daşqın hadisələrinin son illərdə əhəmiyyətli dərəcədə artması bu risklərin əvvəlcədən proqnozlaşdırılması və qabaqlayıcı tədbirlərin görülməsi üçün süni intellekt və erkən xəbərdarlıq sistemlərindən daha geniş istifadəni zəruri edir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.
Onun sözlərinə görə, əvvəllər ölkə ərazisində sel-daşqın hadisələri ildə təxminən 10–20 dəfə müşahidə olunurdusa, son illərdə bu göstərici 10–15 dəfə artıb.
“Bu göstəricilər artıq yalnız infrastrukturun inkişafı və hadisələrə operativ reaksiyanın kifayət olmadığını göstərməklə bizdən daha proaktiv yanaşmaya keçidi tələb edir. Biz atmosferdə və çay hövzələrində baş verən prosesləri real vaxt rejimində izləməli, növbəti mərhələdə nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmalı və mümkün təhlükələri əvvəlcədən müəyyən etməklə zəruri qabaqlayıcı tədbirlər görməliyik”, – deyə X.Məmmədov bildirib.
O qeyd edib ki, iqlim dəyişmələri bütün dünyada ekstremal hava hadisələrinin həm tezliyini, həm də intensivliyini artırır.
“Daha uzun quraqlıqlar, daha şiddətli sel və daşqın hadisələri və intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatına, şəhər infrastrukturuna və əhalinin rifahına ciddi təsirlər göstərir”, – deyə ADSEA sədrinin birinci müavini vurğulayıb.
X.Məmmədovun sözlərinə görə, Azərbaycan da su sektoru baxımından iqlim dəyişmələrinə həssas ölkədir və adaptasiya tədbirlərinin həyata keçirilməsi xüsusi aktuallıq daşıyır.
O bildirib ki, Azərbaycan transsərhəd çaylardan kəskin asılıdır. Xəzər dənizinin səviyyəsindəki dalğalanmalar, regionun qar ehtiyatlarının azalması, buzlaqların sahəsi və həcminin kiçilməsi, yağıntı rejimlərinin dəyişməsi su ehtiyatlarının formalaşmasına əlavə təzyiqlər yaradır.
ADSEA rəsmisi bildirib ki, hazırda ölkə üzrə çaylarda su axınlarının qiymətləndirilməsi məqsədilə 84 hidroloji məntəqə fəaliyyət göstərir.
“Onlardan 40-ında avtomatlaşdırılmış ölçü cihazlarından, 44-də isə ənənəvi tamasalardan istifadə olunur”, – deyə o qeyd edib.
X.Məmmədov bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya” çərçivəsində əsas məqsədlərdən biri müşahidə şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi, daha çevik, dəqiq və operativ məlumat bazasının formalaşdırılmasıdır.
Onun sözlərinə görə, bu addımlar çaylarda su sərfinin və su səviyyəsinin proqnozlaşdırılmasına, daşqın və quraqlıq risklərinin daha erkən müəyyən edilməsinə, riskli ərazilərin aşkarlanmasına və mümkün təsir zonalarının əvvəlcədən qiymətləndirilməsinə imkan verə bilər.
“Növbəti mərhələdə isə süni intellektin dəstəyi ilə tarixi hidroloji məlumatlar, meteoroloji müşahidələr, peyk məlumatları, CİS xəritələri və iqlim ssenariləri nəzərə alınmaqla təhlili iqlim risklərini erkən mərhələdə müəyyən etməyə imkan verə bilər”, – deyə X.Məmmədov əlavə edib.
X.Məmmədov qeyd edib ki, formalaşan sel sularının idarə olunması məqsədilə Azərbaycanda bir sıra strateji addımlar atılır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” qəbul edilib.
Proqram çərçivəsində ümumilikdə 346 kilometr uzunluğunda 12 yeni kanalizasiya kollektorunun tikintisi və mövcud infrastrukturun təmir-bərpası, həmçinin yağış və tullantı su sistemlərinin bir-birindən ayrılması nəzərdə tutulur.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən Suqovuşan, Xaçınçay, Zabuxçay və Köndələnçay su anbarları komplekslərində aparılan tikinti və yenidənqurma işləri, həmçinin Qəbələ rayonunda Yengicə, Oğuz və Şəki rayonlarında Əlicançay su anbarlarının tikintisi su təchizatının yaxşılaşdırılması ilə yanaşı, daşqınlarla mübarizədə də mühüm əhəmiyyət daşıyacaq.
X.Məmmədov qeyd edib ki, Ağsuçay, Zəyəmçay, Həkəriçay və Bərgüşadçay su anbarlarının tikintisi üzrə işlər də davam etdirilir.
O vurğulayıb ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının çaylarının 2 350 milyon kubmetr həcmində olan su ehtiyatları ölkənin daxili su ehtiyatlarının 24 faizini təşkil edir.
“Onlardan istifadə ölkədə yaranan su qıtlığı probleminin həllində və daşqınlarla mübarizədə mühüm əhəmiyyətə malikdir”, – deyə ADSEA rəsmisi bildirib.
O əlavə edib ki, Prezident İlham Əliyevin 28 aprel 2026-cı il tarixli 1016 nömrəli Sərəncamı ilə sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı görülən işlərin davamlılığının təmin edilməsi və gələcəkdə analoji halların təkrarlanmaması üçün müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb.
ADSEA sədrinin birinci müavini qeyd edib ki, süni intellekt sistemlərinin tətbiqi böyük həcmdə yüksək keyfiyyətli məlumat, hesablama imkanları, texniki ekspertiza və maliyyə resursları tələb edir.
O bildirib ki, bu baxımdan beynəlxalq əməkdaşlıq yalnız texnologiya transferinə deyil, həmçinin milli potensialın və insan resurslarının inkişafına yönəlməlidir.
“Özəlliklə çay hövzələrini və iqlimlə əlaqəli riskləri bölüşən ölkələr arasında güclü regional əməkdaşlıq vacibdir. Çünki erkən xəbərdarlıq sisteminin yalnız bir ölkə daxilində qurulması gözlənilən effekti tam təmin edə bilməz”, – deyə X.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, təhlükəli hidrometeoroloji hadisələr geniş regional atmosfer və hidroloji proseslərin nəticəsidir və dövlət sərhədləri ilə məhdudlaşmır.
X.Məmmədov əlavə edib ki, birgə əməkdaşlıq və koordinasiyalı məlumat mübadiləsi çay axınlarının proqnozlaşdırılması, su qıtlığı dövrlərinin müəyyən edilməsi, su anbarlarının idarə edilməsinin optimallaşdırılması və iqlim dəyişikliyinin su ehtiyatlarına təsirlərinin qiymətləndirilməsinə müsbət təsir göstərə bilər.
“Bütün bu amillərin bir araya gəlməsi bizə iqlim hadisələrini daha erkən proqnozlaşdırmağa, su ehtiyatlarını daha səmərəli idarə etməyə, icmaları qorumağa və iqlimə davamlılığı gücləndirməyə imkan verə bilər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.







