Azəri-Çıraq-Günəşli (AÇG) yataq blokunda 2026-cı ilin ilk yarısında ümumi xərclər 1 milyard 1 milyon dollar təşkil edib.
Banker.az xəbər verir ki, hesabat dövründə AÇG üzrə əməliyyat xərcləri 268 milyon dollar, əsaslı xərclər isə 733 milyon dollar olub. 2025-ci ilin ilk yarısında bu göstəricilər müvafiq olaraq 259 milyon və 558 milyon dollar təşkil edib. Beləliklə, ümumi xərclər illik müqayisədə 184 milyon dollar və ya 22,5% artıb. Əməliyyat xərcləri 3,5%, əsaslı xərclər isə 31,4% yüksəlib.
İlin ilk yarısında AÇG-də 7 neft hasilat, 3 su injektoru və 2 qaz injektoru olmaqla 12 quyu qazılaraq tamamlanıb. Bu, 2025-ci ilin eyni dövründəki 7 quyudan 5 quyu çoxdur. Quyular arasında Qərbi Azəri platformasından qazılmış C44 neft quyusu Xəzərdə ilk multilüləli quyu olub və planlaşdırılandan bir ay əvvəl tamamlanıb.
Hesabat dövründə yataqdan gündəlik orta hesabla 323 min barel, ümumilikdə isə təxminən 59 milyon barel (8 milyon ton) neft hasil edilib. Gündəlik hasilat ötən ilin ilk yarısındakı 327 min barellə müqayisədə 1,2% azalsa da, ümumi hasilat həcmi təxminən eyni qalıb.
AÇG-də Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi də davam edib. Mərkəzi Azəri platformasındakı dörd qaz kompressorunun əsas hissələrinin modernləşdirilməsi hasilatda fasilə yaradılmadan və planlaşdırılandan əvvəl tamamlanıb. Layihənin sentyabrda başa çatdırılması gözlənilir.
Bundan əlavə, Dərinsulu Günəşli sahəsində sualtı müdaxilə kampaniyası çərçivəsində beş quyu üzrə işlər tamamlanıb, altıncı quyu üzrə işlər davam edib. AÇG-də 2025-ci ildə əldə edilmiş 4D seysmik məlumatların emalı da başa çatdırılıb.
İyunun sonunda AÇG-də 150 neft hasilat quyusu, 51 su injektoru və 11 qaz injektoru quyusu istismarda olub.







