Azərbaycan iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemi yaratmağı planlaşdırır – bu, fermerlərə hava təhlükələri barədə qabaqcadan məlumat almağa və mümkün ziyanın azaldılması üçün tədbirlər görməyə imkan verəcək.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, havanın temperaturu, yağıntılar və digər hava şəraiti haqqında məlumatların vaxtında əldə edilməsi fermerlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Qədimova vurğulayıb ki, rəqəmsal transformasiya və süni intellekt Azərbaycan kənd təsərrüfatının iqlimə dayanıqlığının artırılmasında mühüm rol oynaya bilər. Bu yanaşma Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramında öz əksini tapıb.
“Proqram torpaq və su ehtiyatlarının daha səmərəli idarə olunmasını, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsini, rəqəmsallaşma və innovasiyaları, eləcə də iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sisteminin yaradılmasını nəzərdə tutur”, – Qədimova bildirib.







