Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 26 486,5 milyon manat təşkil edib. Bu, təsdiq edilmiş proqnozdan 780,2 milyon manat və ya 3% çoxdur. Banker.az bunu Maliyyə Nazirliynə istinadən xəbər verir.
Gəlirlərin əsas hissəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar hesabına formalaşıb. Bu mənbədən büdcəyə 12 619,1 milyon manat daxil olub ki, bu da proqnozu 900,1 milyon manat və ya 7,7% üstələyib. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 326,9 milyon manat, Dövlət Neft Fondundan transfert isə 8 559 milyon manat təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat olmaqla proqnozdan 7,3 milyon manat və ya 23,8% çox olub. Sair daxilolmalar 462,5 milyon manat təşkil edərək proqnozu 77,1 milyon manat və ya 20% üstələyib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat olub.
Yanvar-avqust aylarında dövlət büdcəsinin xərcləri 22 770,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2,1% çoxdur. Beləliklə, hesabat dövründə dövlət büdcəsində 3 715,9 milyon manatlıq profisit yaranıb.
İcmal büdcənin gəlirləri 32 799,6 milyon manat, xərcləri isə 26 967,5 milyon manat təşkil edib. İcmal büdcənin profisiti 5 832,1 milyon manat olub.
Yanvar-avqust aylarında xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı icra edilib.







