Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7%, 2026-cı ilin yanvar-iyul aylarına nisbətən isə 12,2% çoxdur.
Banker.az xəbər verir ki, bu öncəki ayda 86 milyard 814,9 milyon dollar idi.
Strateji ehtiyatların artımında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının yüksəlməsi əsas amillərdən biri olub. AMB-nin xarici valyuta ehtiyatları avqust ayında 1 milyard 533,4 milyon dollar və ya 11,1% artaraq avqustun 31-nə 15 milyard 301 milyon dollara çatıb. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları tarixində ilk dəfə 15 milyard dollar həddini keçib. Avqustda qeydə alınan artım həm də AMB-nin ehtiyatlarında indiyədək ən yüksək aylıq artım olub.
AMB-nin məlumatına görə, valyuta bazarında təklifin tələbi üstələməsi fonunda avqust ayında 1,5 milyard dollar məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Bununla AMB-nin xarici valyuta ehtiyatları ilin əvvəlindən 3 milyard 833 milyon dollar və ya 33,4% artıb. Strateji valyuta ehtiyatlarına AMB ilə yanaşı Dövlət Neft Fondunun valyuta ehtiyatları da daxildir.







