7 C
Baku
Sunday, December 15, 2024

Ekspertlər: Borc pul verərkən nələrə diqqət etmək lazımdır?

Dostlarınız sizdən borca müəyyən məbləğ tələb etdikdə özünüzü sanki minalanmış torpaq sahəsində hiss edirsiniz. Bir tərəfdən nə vaxtsa özünüz də maliyyə çuxuruna düşmüsünüz və dostların dəstəyi olmadan oradan çıxmağın nə dərəcədə çətin olduğunu anlayırsınız. Və sizə yaxın olan həmin şəxsə kömək etməyi çox istəyirsiniz. Digər tərəfdən isə, maliyyə məsələləri səbəbindən dostluqların necə korlandığı haqqında kifayət qədər tarixçə eşitmisiniz. Bu məqalədə ekspertlər dost və tanışlara düzgün şəkildə necə borc verməli olduğumuz haqqında məsləhətlər vermişlər.

Həqiqətən hazır olduqda “Hə” deyin:

Psixologiya elmləri üzrə mütəxəssis və The Friendship Blog blogunun müəllifi Irene S. Levine ilk olaraq məsləhət görür ki, qarşınızdakı insan sizdən borca pul istədikdə özünüzdə yaranan günahkarlıq hissinin öhdəsindən gəlin. Bu zaman ona kömək etməsəniz çox pis insan olacağınızı düşünmək düzgün deyil.

Borc verməyə hazır olduğunuza əmin olmadan bunu etdikdə özünüzü daha sonradan incinmiş kimi hiss edəcəksiniz və bu vəziyyət pulunuz geri qayıdana və minnətdarlıq eşidənə qədər davam edəcək.

Borca pul verməkdən imtina etmək sizi eqoist və pis dosta çevirməyəcək. Əksinə, bununla dostluq münasibətinizi qoruya bilərsiniz.

“Kömək etməyi çox istərdim, lakin hazırda mənim heç pulum yoxdur” – deyə nəzakətlə deyin. Əgər öz rədd cavabınıza bir qədər də aydınlıq gətirməli olduğunuzu düşünürsünüzsə bu səbəbi əlavə edin: Hazırda planlaşdırılmamış xərclərinizin peyda olduğunu və özünüzün də çətin vəziyyətdə olduğunuzu izah edin.

Dostunuza yaranmış çətinliyi ilə bağlı başqa necə kömək edə biləcəyiniz haqqında düşünün. Ola bilsin, ona lazımi məbləği hər hansı başqa bir mənbədən əldə etmək barədə ideyanız olsun. Həqiqi dost istənilən yardıma görə sizə təşəkkür edəcək.

İtirməyə hazır olduğunuz qəədr borc verin:

Dostunuz və yaxud ailənizin bir üzvü kifayət qədər etibarlı, maliyyə cəhətdən tam sabit və güvənli bir insan ola bilər, lakin heç kəs fövqəladə vəziyyətlərdən sığortalanmayıb.

Gözlənilmədən maliyyə çətinliyi ilə üzləşsəniz, verdiyiniz məbləğə ehtiyac duysanız və bu zaman borc verdiyiniz şəxs təyin edilən vaxtda borcunu geri qaytarmadıqda münasibətlərinizin nə dərəcədə pozulacağını təsəvvür edirsinizmi?!

Byron Ellis, maliyyə planlaşdırılması üzrə mütəxəssis birdəfəlik olaraq itirməyə hazır olduğunuz miqdarı borc olaraq verməyi məsləhət görür. Bu şəxsi maliyyə məqsədlərinizə və əmanətlərinizə təsir etməyəcək.

Borcun geri qaytarılması müddəti ilə bağlı ciddi şərtlər təyin edin:

Adətən borc verərkən belə bir cümlədən istifadə edirik: “Nə vaxt imkan olsa qaytararsan”. Dost və tanışlara konkret olaraq müddət təyin etmək qəribə təsir bağışlayardı. Lakin belə bir vəziyyəti təsəvvür edin: Yaxın dostunuza mənzil alması üçün borc pul vermisiniz. O “özünə gələn kimi” pulu qaytarmağa söz verir. Lakin bir neçə il keçir, borc isə hələ də qaytarılmayıb. Verdiyiniz məbləğ inflyasiyanı nəzərə almaqla əvvəlki dəyərini itirib.

Byron Ellis borc verməzdən əvvəl hansı müddətdən sonra, hansı faizlə və hansı hissələrlə borcun qaytarılacağı barədə şərtləri razılaşdırmağı məsləhət görür. Bununla verdiyiniz pulların nə zaman geri qaytarılacağı haqqında heç bir məlumata sahib olmamaqdan və havadan asılı qalmaqdan xilas olacaqsınız.

Borcalanın ödəniş müddətini ötürməsinə icazə verməyin:

Ödəniş müddətinin keçməsinə göz yummaq və bunun səbəbini aydınlaşdırmamaq böyük səhvdir. Borc verdiyiniz şəxsin bunu etməsinə bir neçə dəfə razı olduqdan sonra bu növbəti aylarda vərdiş xarakterini alacaq.

Burada yenə köməyinizə əvvəlcədən təyin edilmiş sərt şərtlər gələcək. Zamanında edilməmiş ödənişlər üçün cərimə təyin edin. Əgər burada söhbət kifayət qədər iri borc məbləğindən gedirsə borc haqqında müqavilə imzalayın. Müqavilənin olması sizi ödənişlər barədə xəbərdarlıq etmək kimi bir məşğuliyyətdən azad edəcək.

Ellis borcalan üçün 5 günü güzəştə getməyi və 5 gündən artıq gecikən ödəniş üçün cərimə təyin etməyi məsləhət görür. Yox əgər, gecikilən günlərin sayı daha çoxdursa, borcalan zəng və xatırlatmalara reaksiya vermirsə məhkəməyə müraciət etmək haqqında düşünməkdə fayda var.

Dost və yaxınlarınıza yardım etmək fonunda bu qaydalar sizə bir qədər sərt təsir bağışlaya bilər. Lakin məhz bu qaydalar sayəsində həm maliyyə sabitliyinizi, həm də dostlarınızla münasibətlərinizi qorumuş olacaqsınız.

 

Son xəbərlər
Digər xəbərlər