SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

SOCAR Azərbaycanda geotermal enerji layihələrinin inkişafı üçün kapital tərəfdaşı axtarır.

Bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya üzrə vitse-prezidenti Əfqan İsayev Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.

O bildirib ki, SOCAR “Schlumberger” və “Baker Hughes” şirkətləri ilə birlikdə Azərbaycanda geotermal enerji potensialının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparıb: “Hazırda riskləri bizimlə bölüşəcək və bu tip layihələrin inkişaf etdirilməsi üzrə təcrübəyə malik kapital tərəfdaşı axtarırıq. Çünki bu sahədə bizim təcrübəmiz yoxdur. Hökumət geotermal enerji sahəsində yeni qanunvericiliyin hazırlanması və risklərin azaldılmasına kömək edəcək mexanizmlərin yaradılması üzərində işləyir. Beynəlxalq tərəfdaşların texniki yardımı, digər ölkələrin təcrübəsi, standartlar və prosedurlar Azərbaycanda geotermal enerji sektorunun inkişafını sürətləndirə bilər”.

SOCAR rəsmisi metan emissiyalarının azaldılması ilə bağlı görülən işlərə də toxunub və bildirib ki, SOCAR-ın metan proqramı çərçivəsində son iki il ərzində 1,2 milyon ton CO₂ ekvivalentində emissiyanın qarşısı alınıb.

Həmçinin Əfqan İsayev Azərbaycanın 2030-cu ilədək enerji tələbatının ən azı 30%-ni bərpa olunan enerji mənbələri hesabına təmin etmək hədəfini xatırladıb və bu göstəricinin aşılacağına əminliyini ifadə edib. SOCAR enerji səmərəliliyi, batareya enerji saxlama sistemləri, natrium-ion batareyaları və mikroşəbəkələr istiqamətində də yeni imkanlar görür. Şirkət bp ilə birlikdə Cəbrayılda 240 milyon dollar dəyərində günəş elektrik stansiyasının tikintisini həyata keçirir. Layihənin gələn il başa çatdırılması planlaşdırılır.

“Yeni enerji saxlama texnologiyaları bizə 24/7 bərpa olunan enerji təmin etməyə və mikroşəbəkələr qurmağa imkan verəcək. Bu, növbəti mərhələdir”, – Əfqan İsayev qeyd edib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər