Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşdüyünü qeyd edib.
“Görüşdə əməkdaşlığın cari vəziyyətini və yeni layihə təşəbbüslərini nəzərdən keçirdik. Kiçik və orta biznes subyektlərinin (KOB) maliyyə resurslarına çıxışının genişləndirilməsi, eləcə də iqtisadi artım və şaxələndirmə üçün yeni imkanların araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, – deyə Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcək.







