Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin pozulması ilə bağlı son üç ayda 14 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Banker.az xəbər verir ki, protokollar 2026-cı ilin iyun-avqust aylarında rəsmiləşdirilib. Pozuntular tütün və qumar oyunlarının reklamı, qeyri-dəqiq reklam, müəlliflik hüquqlarından qanunsuz istifadə və reklam materiallarının plagiatçılığı ilə bağlı olub.
Agentlik Əli Arif oğlu Əliyev barəsində 8 iyun 2026-cı ildə tütün məhsullarının reklamı ilə bağlı protokol tərtib edib. Rəsmi məlumatda “Reklam haqqında” Qanunun 4.2, 4.6, 7.1.2 və 28-ci maddələrinin pozulduğu göstərilib. Qanun tütün məmulatları ilə yanaşı, qəlyan, elektron siqaret, siqaret kağızı və alışqanların reklamını da qadağan edir. Fakt İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə tövsif olunub.
Rəşad Muradxan oğlu Novruzov barəsində 8 iyun, Ayxan Vüsal oğlu Hacıyev və Sənan Pərviz oğlu Məmmədov barəsində isə 9 iyun 2026-cı ildə protokol tərtib edilib. Hər üç halda “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinin pozulduğu göstərilib. Həmin maddə müəlliflik və əlaqəli hüquqlardan qanunsuz istifadəni, eləcə də başqa malların reklam materiallarının plagiatçılığını haqsız reklam hesab edir. Faktlar İXM-in 428.10-cu maddəsi ilə tövsif olunub.
Məhsəti Hümbət qızı Dünyamalıyeva barəsində 11 iyun 2026-cı ildə məhsulun qiyməti və satış şərtləri ilə bağlı reklam tələblərinin pozulmasına görə protokol tərtib edilib. Agentlik “Reklam haqqında” Qanunun 4.2, 7.1.2 və 7.1.4-cü maddələrinin pozulduğunu göstərib. Bu normalara əsasən, reklam istehlakçını aldatmamalı, məhsulun qiyməti, güzəştləri, əldə edilməsi və ödəniş şərtləri barədə düzgün məlumat verilməlidir.
Elnur Rüstəm oğlu İbrahimov barəsində 17 iyun 2026-cı ildə həqiqətə uyğun olmayan reklamla bağlı protokol tərtib edilib. Rəsmi məlumatda “Reklam haqqında” Qanunun 4.2, 6.1.3 və 7.1.2-ci maddələrinin pozulduğu göstərilib. Qanuna əsasən, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklam hesab olunur.
Ülvi Ağabala oğlu Qaraxanlı barəsində də 17 iyun 2026-cı ildə protokol tərtib edilib. Pozuntu “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinə, yəni müəlliflik və əlaqəli hüquqlardan qanunsuz istifadə və reklam materiallarının plagiatçılığı ilə bağlı normaya aid edilib.
Antiinhisar Agentliyi Mirəhməd Nasir oğlu Seyidov barəsində 30 iyun 2026-cı ildə qumar oyunlarının reklamına görə protokol tərtib edib. Sənəddə “Reklam haqqında” Qanunun 39.1-ci maddəsi və İXM-in 428.9-cu maddəsi göstərilib. Qanun qumar oyunlarının, onların operatorunun və ya satıcısının reklamına yol vermir. İXM-in 428.9-cu maddəsinə əsasən, bu pozuntuya görə fiziki şəxslər üçün 3 000 manat cərimə nəzərdə tutulur.
Gültəkin Adil qızı Qurbanova və Həsən Nadir oğlu İsgəndərov barəsində 19 avqust 2026-cı ildə reklam qanunvericiliyinin pozulmasına görə protokollar tərtib edilib. Hər iki halda “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinin pozulduğu göstərilib. Pozuntular müəlliflik və əlaqəli hüquqlardan qanunsuz istifadə və başqa əmtəələrin reklam materiallarının plagiatçılığı ilə bağlı olub.
Kənan Yusif oğlu Mustafayev və Mustafa Rəfail oğlu Mustafayev barəsində 20 avqust 2026-cı ildə protokol tərtib edilib. Hər iki şəxs üzrə “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinin pozulduğu göstərilib. Bu maddə müəlliflik və əlaqəli hüquqlardan qanunsuz istifadəni və digər məhsulların reklam materiallarının plagiatçılığını haqsız reklam kimi müəyyən edir.
Ruzi Səbuhiyeviç Məmmədov və Fəxrəddin Aydın oğlu Şamiyev barəsində isə 25 avqust 2026-cı ildə protokollar tərtib edilib. Hər iki halda pozuntu “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinə aid olunub. Faktlar İXM-in 428.10-cu maddəsi ilə tövsif edilib.







