Neft qiymətlərinin artması Azərbaycanın fiskal mövqelərini möhkəmləndirir.
Bu barədə “Moody’s” hesabatında qeyd olunub.
Reytinq agentliyi bildirir ki, Mərkəzi Asiya və Qafqaz ölkələrində bankların və şirkətlərin fəaliyyət şəraiti yeni geosiyasi vəziyyətin yaratdığı imkanlar hesabına əlverişli olaraq qalır.
“İqtisadi fəallığın Rusiyadan digər istiqamətlərə yönəlməsi, hökumətlərin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı təşəbbüsləri və beynəlxalq kapital bazarlarına çıxışın tədricən yaxşılaşması hər iki sektora müsbət təsir göstərməkdə davam edir. Bundan əlavə, neft qiymətlərinin daha yüksək olması ticarət axınlarının artmasına və Qazaxıstan (Baa1, stabil proqnoz) və Azərbaycan (Baa3, müsbət proqnoz) kimi neft ixrac edən ölkələrin fiskal mövqelərinin güclənməsinə şərait yaradır. Həmçinin gözləyirik ki, tənzimləmənin gücləndirilməsi bankların göstəricilərinə dəstək olacaq”,-deyə hesabatda qeyd olunub.
Bununla yanaşı, “Moody’s” xəbərdarlıq edir ki, geosiyasi qeyri-müəyyənlik ehtimalı aşağı, lakin potensial təsiri yüksək olan risklər yaratmaqda davam edir.
“Dəyişkənliyin uğurla dəf edilməsinə baxmayaraq, Rusiya ilə enerji infrastrukturu, ticarət və pul köçürmələri sahələrində mövcud olan struktur əlaqələr səbəbindən Rusiya ilə Ukrayna arasında davam edən müharibə banklar və şirkətlər üçün risk yaratmaqda davam edir. Rusiyada iqtisadi fəallığın azalması bankların aktivləri və maliyyələşməsi ilə bağlı risklərin artmasına səbəb ola bilər. Rusiya ilə əlaqələri olan təşkilatlara qarşı ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi ehtimalı xarici tərəfdaşların etimadına və kontragentlərə çıxışa mənfi təsir göstərir”,-deyə reytinq agentliyinin analitikləri qeyd edirlər.
“Moody’s”in qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə Mərkəzi Asiya və Qafqaz ölkələrinin bank və şirkətlərinə birbaşa mənfi təsir göstərmir. Bununla belə, dolayı risklər daha qabarıqdır, baxmayaraq ki, onlar idarəolunan olaraq qalır.
Hesabatda bildirilir: “Dövri olaraq kəskinləşən uzunmüddətli münaqişə dünya üzrə enerji daşıyıcılarının, ərzağın və digər resursların qiymətlərinin artması səbəbindən inflyasiyanı gücləndirə bilər. Bu isə faiz dərəcələrinin azaldılmasını gecikdirə və ya məhdudlaşdıra, şirkətlərin uzunmüddətli maliyyələşməyə çıxışını çətinləşdirə bilər. Bəzi əsas tərəfdaş ölkələrdə iqtisadi artımın yavaşlaması ixracın, tranzit həcmlərinin və birbaşa xarici investisiyaların azalmasına səbəb ola bilər”.
Analitiklər qeyd edirlər ki, banklar və şirkətlər xarici şokları absorbsiya etmək üçün kifayət qədər maliyyə potensialını qoruyub saxlayırlar.
“Region ölkələrinin bank sistemlərinin kapital və likvidlik buferləri son dörd ildə əlverişli fəaliyyət şəraitinin fonunda güclənib. Bundan əlavə, qiymətləndirdiyimiz şirkətlərin əksəriyyətinin yüksək borc yükü yoxdur və onlar kifayət qədər likvidlik ehtiyatlarına malikdir. Davam edən bazar islahatları, tənzimləmənin gücləndirilməsi və strateji inkişaf proqramlarına dövlət dəstəyinin davam etdirilməsi hər iki sektorun dayanıqlığını daha da möhkəmləndirir”,-deyə “Moody’s” in hesabatında bildirilir.







