Avropa Yenidənqurma və İnkişaf Bankı – EBRD vəsait cəlbi üzrə hədəf həcmi 200 milyon avroya çatan “Molten East Fund I SCSp” fondunun səhm kapitalına 25 milyon avroya qədər vəsait yatırmaq niyyətindədir.
Fondun kapitalı təsis edilməsinin ilkin mərhələlərində və aktiv böyümə fazasında fəaliyyət göstərən texnologiya şirkətlərinə pay və kvazi-pay investisiyalarının həyata keçirilməsi üçün istifadə ediləcək.
Fondun coğrafi əhatə dairəsinə Türkiyə, Mərkəzi və Şərqi Avropa ölkələri, Qafqaz regionu və Mərkəzi Asiya dövlətləri daxildir.
Bu layihə ümumi həcmi 200 milyon avroya bərabər olan EBRD-nin ixtisaslaşdırılmış proqramı – İlkin Mərhələlərdə İnnovasiyaların Maliyyələşdirilməsi Mexanizmi II (ESIF II) çərçivəsində həyata keçirilir. Bu mexanizm şirkətlərin inkişafının ilkin mərhələlərinə istiqamətlənmiş vençur fondlarına investisiya yatırmaq üçün yaradılıb.
Bankın qiymətləndirməsinə görə, EBRD-nin iştirakı fond tərəfindən kapital cəlbinin birinci raundunun uğurla başa çatdırılmasında əsas rol oynayır. Bu, ümumavropa vençur strukturuna hədəf regionda işləmək üçün ixtisaslaşdırılmış bölmə yaratmağa, peşəkar komanda formalaşdırmağa və ən yaxşı təcrübələrin inkişaf etməkdə olan bazarlara ötürülməsinin təmininə imkan yaradacaq.







