“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı ilin sonunadək Brent markalı neftin qiymətinin əsasən 90–110 dollar/barel intervalında qalacağını proqnozlaşdırır. Bu barədə reytinq agentliyinin proqnozunda bildirilib.
Agentliyin baza ssenarisinə əsasən, 2026-cı ilin sonunadək Brent neftinin qiyməti əsasən 90–110 dollar/barel diapazonunda qalacaq, daha sonra isə ortamüddətli perspektivdə 55–75 dollar/barel intervalına doğru azalacaq.
“Moody’s” qeyd edir ki, Yaxın Şərqdə davam edən münaqişə neft ticarəti axınlarını pozur. Son dövrdə həm Hörmüz boğazında, həm də Qırmızı dəniz marşrutunda gəmilərə hücumların artması xam neft ixracını azaldıb. Bu vəziyyət neft ticarətinin agentliyin baza ssenarisində nəzərdə tutduğu kimi 2027-ci ilin I rübünədək normallaşması ehtimalını zəiflədir.
Hesabata görə, Səudiyyə Ərəbistanının bazara xam neft tədarükü avqustda iyuldakı 7,4 milyon barel/gündən 7 milyon barel/günə düşüb. Buna tankerlərin Bab əl-Məndəb boğazından yayınaraq alternativ marşrutlardan istifadə etməsi təsir göstərib.







