Süni intellekt (AI) texnologiyalarına investisiyalar Mərkəzi Asiya və Qafqaz ölkələrində iqtisadi yüksəlişə töhfə verəcək, eyni zamanda infrastrukturun inkişafına olan ehtiyacın artmasına səbəb olacaq.
“Moody’s” beynəlxalq reytinq agentliyinin məlumatına əsasən, Mərkəzi Asiya və Qafqaz regionu ölkələri AI və rəqəmsal infrastruktura getdikcə daha çox diqqət yetirir, onları nəqliyyat, enerji və logistika marşrutları ilə yanaşı, iqtisadi modernləşmənin yeni dayaq elementləri kimi qiymətləndirir.
“Mərkəzi Asiya və Qafqaz ölkələrinin hökumətləri AI-ni qlobal səviyyədə məhsuldarlığın artırılması, iqtisadi şaxələndirmə və rəqabət qabiliyyətinin gücləndirilməsi aləti hesab edir. Bu planların müvəffəqiyyətlə həyata keçirilməsi regionun iqtisadi mürəkkəbliyini artıracaq, lakin məqsədlərə çatmaq üçün dövlətlər elektroenergetika sahəsinə, telekommunikasiya kanallarına, su ehtiyatlarına və əlverişli normativ-hüquqi mühitin formalaşdırılmasına böyük vəsait yatırmalı olacaq”, – hesabatda bildirilir.
Agentlik vurğulayır ki, süni intellektin tətbiqi iqtisadi transformasiya üçün zəmin yaradır.
“Azərbaycan (reytinq “Baa3”, proqnoz “Müsbət”), Ermənistan (“Ba3”, “Müsbət”), Qazaxıstan (“Baa1”, “Sabit”) və Özbəkistan (“Ba2”, “Sabit”) data-mərkəzlərin, superkompüterlərin və rəqəmsal kommunikasiya şəbəkələrinin tikintisi üzrə iri layihələrin həyata keçirilməsi vasitəsilə Mərkəzi Asiya və Qafqazda süni intellekt infrastrukturu sahəsində son dərəcə mühüm addımlar atır. Tikintinin ilkin mərhələsindən başqa, bu infrastruktur investisiyaları bulud xidmətlərinə, süni intellekt tətbiqlərinə, rəqəmsal ixraca və lokallaşdırılmış süni intellekt ekosistemlərinə dəstəyi təmin etmək, eləcə də bu dövlətlərin geosiyasi əhəmiyyətinin artmasına töhfə vermək qabiliyyətinə malikdir”, – analitiklər hesab edirlər.
Onların qiymətləndirməsinə görə, süni intellekt infrastrukturunun yaradılmasının səmərəliliyi sabit enerji təminatı, inkişaf etmiş telekommunikasiya şəbəkələri, su ehtiyatlarının, torpaq sahələrinin və qabaqcıl hesablama güclərinin əlçatanlığı ilə şərtlənəcək ki, bu da əhəmiyyətli maliyyə xərcləri tələb edəcək.
“Enerji resurslarının əlçatanlığı, böyük ehtimalla, əsas rəqabət üstünlüyü olacaq: Qazaxıstan, Azərbaycan və Özbəkistan öz təbii sərvətlərindən istifadə edir, Tacikistan (“B2”, “Sabit”) və Qırğızıstan Respublikası (“B3”, “Müsbət”) isə hidroenerji potensialı əsasında hesablama infrastrukturunun ayrı-ayrı istiqamətlərini inkişaf etdirir”, – hesabatda qeyd olunur.
Dövlət dəstəyi süni intellekt sahəsinə irimiqyaslı investisiyaların cəlb edilməsində həlledici əhəmiyyətə malik olacaq. İnvestorlar bir qayda olaraq şəffaf tənzimləməyə və etibarlı infrastruktura malik iqtisadiyyatlara üstünlük verirlər. İnstitusional keyfiyyət və siyasi qərarların həyata keçirilməsi təcrübəsindəki fərqlər nəticələrin Mərkəzi Asiya və Qafqaz ölkələri arasında böyük ehtimalla eyni olmayacağını göstərir.
Agentliyin ekspertləri hesab edirlər ki, data-mərkəzlərin, fiber-optik şəbəkələrin və əlaqəli enerji infrastrukturunun tikintisinə tələb olunan əhəmiyyətli kapital xərcləri nəzərə alınmaqla dövlət sektorunun iştirakını təmin etmək üçün büdcə imkanları daha bir mühüm fərqləndirici amil olacaq.
“Regionda süni intellekt infrastrukturunun inkişafı üzrə ən aktiv fəaliyyət iddialı siyasi gündəmi enerji resursları, rabitə sahəsindəki üstünlüklər və ya artıq formalaşmış texnoloji ekosistemlərlə uzlaşdıra bilən dövlətlərdə müşahidə olunur.
Qazaxıstan bu istiqamətdə digər ölkələrdən daha irəli gedərək özünü regional süni intellekt mərkəzi kimi mövqeləndirib. Ölkə data-mərkəzlərin inşası üzrə genişmiqyaslı proqramlar həyata keçirir, milli superkompüter yaradır və süni intellekt sahəsində daxili potensialını gücləndirir.
Özbəkistan da layihələri bərpa olunan enerji və enerji təchizatı üzrə güzəştli şərtlərlə əlaqələndirərək məlumat emalı mərkəzlərinə iri kapital qoyuluşları cəlb edir. Cənubi Qafqazda Ermənistan beynəlxalq texnoloji tərəfdaşlar cəlb edilməklə süni intellekt fabriklərinə investisiya planları hazırlayır, Azərbaycan isə artıq enerji güclərini, fiber-optik infrastrukturu və data-mərkəzlərlə bağlı planlarını hərtərəfli rəqəmsal dəhliz strategiyasına inteqrasiya etmək niyyətindədir”, – “Moody’s” vurğulayır.







