Mis istehsalı sürətlə yüksəlir, Azərbaycanın valyuta gəlirlərini artır

Azərbaycan 2026-cı ilin ilk yeddi ayında mis ixracından gəlirini kəskin artırıb. İxrac həcmi illik müqayisədə 6,9 dəfə artaraq 69,1 min tona, satışdan əldə olunan gəlir isə 9,5 dəfə yüksələrək 152 milyon dollara çatıb.

Banker.az dövlət statistika və gömrük orqanlarının yayımladığı göstəricilərə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 12 484,2 ton mis konsentratı istehsal edilib ki, bu da ötən ilin eyni dövründəki 2 270,6 tonla müqayisədə 5,5 dəfə çoxdur.

Eyni dövrdə qızıl hasilatı 7,9% azalaraq 2 113,4 kq-dan 1 946,3 kq-a, gümüş istehsalı isə 9,3% azalaraq 2 746,1 kq-dan 2 492 kq-a düşüb.

Mis istehsalındakı artım ixrac göstəricilərində daha aydın görünür. Gömrük statistikasına əsasən, 2026-cı ilin ilk yeddi ayında Azərbaycandan 69,1 min ton mis filizi 152 milyon dollara ixrac edilib. Ötən ilin eyni dövründə ixrac 10,1 min ton və 16 milyon dollar olmuşdu. Beləliklə, ixracın fiziki həcmi 6,9 dəfə, ölkənin bundan əldə etdiyi gəlir isə 9,5 dəfə artıb.

Mis ixracının orta statistik qiyməti də yüksəlib. Bir ton üzrə ixrac dəyəri ötən ilin ilk yeddi ayındakı təxminən 1 588 dollardan 2 199 dollara qalxıb ki, bu da 38,5% artım deməkdir. İxracın 67,8 min tonu və ya 98%-dən çoxu Gürcüstanın payına düşüb. Belə ki, bu istiqamətdə ixracdan 147,8 milyon dollar gəlir əldə olunub. İsveçrəyə isə 1,31 min ton mis filizi 4,15 milyon dollara göndərilib.

Nəticədə mis filizləri 2026-cı ilin yanvar-iyulunda Azərbaycanın qeyri-neft ixracında 152 milyon dollarla üçüncü ən böyük məhsul olub. Ondan öndə 239,4 milyon dollarla qızıl və 172 milyon dollarla pomidor qərarlaşıb.

Qızıl ixracında isə fiziki həcm azalsa da, qiymət artımı gəlirləri yüksəldib. İlk yeddi ayda Azərbaycan 2 615,2 kq qızılı 239,4 milyon dollara ixrac edib. Ötən ilin eyni dövründə 2 895,4 kq qızılın ixracından 178,7 milyon dollar əldə edilmişdi. Beləliklə, həcm 9,7% azalsa da, ixrac gəliri 34% artıb. Bir kiloqram qızılın orta ixrac dəyəri 61,7 min dollardan 91,5 min dollara, yaxud 48,3% yüksəlib.

Gümüşdə də oxşar mənzərə yaranıb. İxrac 18,9% azalaraq 1 134,4 kq-a düşsə də, gəlir 88,7% artaraq 2,8 milyon dollara çatıb. Orta ixrac qiyməti bir kiloqram üzrə təxminən 1 057 dollardan 2 460 dollara yüksəlib. Həm qızılın, həm də gümüşün bu kateqoriyada bütün ixracı İsveçrəyə yönəlib.

MİS İSTEHSALI NECƏ GÜCLƏNİR?

Mis ixracındakı sıçrayışın əsas korporativ mənbələrindən biri Böyük Britaniyanın “Anglo Asian Mining” şirkətinin Azərbaycandakı fəaliyyəti, xüsusilə “Dəmirli” yatağının istehsala qoşulmasıdır. Şirkət 2026-cı ilin ilk yarısında mis istehsalını ötən ilin eyni dövründəki 1 188 tondan 8 840 tona, yəni 7,4 dəfə artırıb. Bunun 5 129 tonu təkcə ikinci rübdə hasil edilib.

Şirkət yanvar-iyunda ümumilikdə 58,6 min quru metrik ton mis konsentratı sataraq 125,9 milyon dollar gəlir əldə edib. Bunun 71,4 milyon dolları “Dəmirli”, 54,5 milyon dolları isə “Gədəbəy” yatağında istehsal olunan konsentratın satışından formalaşıb.

“Anglo Asian Mining” 2026-cı il üzrə 20–25 min ton mis, 28–33 min unsiya qızıl və 170–210 min unsiya gümüş istehsal etməyi planlaşdırır. Şirkət “Dəmirli”nin tam istehsal gücünə 2026-cı ilin üçüncü rübündə çatacağını bildirib. Daha uzunmüddətli strategiyada isə yeni yataqların istifadəyə verilməsi ilə mis hasilatının 2029–2030-cu illərdə təxminən 50–55 min tona çatdırılması nəzərdə tutulur.

Bu artım ixracatçı şirkətlərin reytinqini də dəyişib. “Azerbaijan International Mining Company” 2026-cı ilin yanvar-iyulunda ixracını 56,1 milyon dollardan 206,7 milyon dollara, yaxud 3,7 dəfə artıraraq Azərbaycanın ən böyük qeyri-dövlət qeyri-neft ixracatçısına çevrilib.

Dövlətə məxsus dağ-mədən şirkəti “AzerGold” isə eyni dövrdə ixracını 25% artıraraq 125,1 milyon dollardan 156,4 milyon dollara çatdırıb və dövlət şirkətləri arasında ikinci olub. Beləliklə, iki əsas dağ-mədən ixracatçısının yeddi aylıq ixracı birlikdə 363,1 milyon dollar təşkil edib; bir il əvvəl bu göstərici 181,2 milyon dollar idi.

“AzerGold”un 2025-ci ildə satış gəlirləri də 46% artaraq 266,45 milyon dollara çatıb. Şirkət ötən il 73,3 min unsiya qızıl və 93,2 min unsiya gümüş satıb. Şirkətin növbəti mərhələdə fəaliyyətini yalnız qızıl və gümüşlə məhdudlaşdırmaması planlaşdırılır. “AzerGold”un açıqlamasına görə, “Filizçay” yatağında təxminən 311 min ton mis, 2,4 milyon ton sink və 787 min ton qurğuşun ehtiyatı qiymətləndirilib və 2027-ci ilin əvvəlində mis, sink və qurğuşunun emalı üzrə pilot zavodun tikintisinə başlanılması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər