AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu, “Mərkəzi Bank” haqqında qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb. Sənədə əsasən, bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək. Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcək.

Maliyyə institutu yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçi dəyişdikdə, fəaliyyət növlərində, müştəri qrupunda və yaxud coğrafi fəaliyyət dairəsində dəyişiklik baş verdikdə risk profili yenidən qiymətləndiriləcək. Əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və yaxud məbləği 40 % və yaxud daha çox artdıqda da təkrar qiymətləndirmə aparılacaq.

AMB nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və yaxud maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək. Bu zaman ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri də nəzərə alınacaq. Nəzarətin dövriliyi və intensivliyi müəyyən edilərkən maliyyə institutlarının və maliyyə qruplarının xüsusiyyətləri, maliyyə institutlarının müxtəlifliyi və sayı, habelə risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi də qiymətləndiriləcək.

AMB nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar AMB-nin sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, bu qurumun maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər