İmkan yaradılsa, Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələrin də bərpasını təmin edə bilər.
Banker.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda təşkil olunmuş konfrans zamanı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin 2026-cı ili Memarlıq və Şəhərsalma ili elan etməsindən sonra tarixi-dini abidələrin qorunması məsələsi daha da aktuallaşıb:
“Biz inanclı cəmiyyət olduğumuza görə ölkə ərazisində dini-tarixi abidələr çoxluq təşkil edir. Həmin abidələrin qorunmasında əsas istiqamət tarixi yaddaşın bərpa olunması, ikinci istiqamət isə onlara turistik mahiyyət qatmaqdır. Azərbaycan dövləti üçün tarixi-dini abidənin hansı dinə mənsub olmasının əhəmiyyəti yoxdur. Biz kilsəni də, sinaqoqu da, məscidi də eyni yanaşma ilə bərpa edirik. Bizdə tarixi dini abidələrə məkan prizması ilə yanaşılmır. Biz digər ölkələrdə də tarixi dini abidələrin bərpasına töhfə veririk”







