Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 168,4 milyon manatla müqayisədə 244,2 milyon manat və ya 20,9% çoxdur. Verginin dövlət büdcəsinin ümumi gəlirlərində payı bir ildə 4,98%-dən 5,99%-ə yüksəlib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin dövrdə dövlət büdcəsinin ümumi gəlirləri cəmi 0,5% artaraq 23 milyard 594,5 milyon manata çatıb. Beləliklə, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların artım tempi büdcə gəlirlərinin ümumi artımını xeyli üstələyib. Bu verginin ÜDM-də payı da ötən ilin eyni dövründəki 1,6%-dən 1,9%-ə yüksəlib.
Hökumət 2026-cı il dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə ümumilikdə 2 milyard 379,3 milyon manat daxilolma nəzərdə tutub. Bu baxımdan ilin ilk yeddi ayında illik proqnozun təxminən 59,4%-i təmin olunub.
Vergi daxilolmalarındakı artım fiziki şəxslərin gəlir vergisi rejimində mühüm dəyişikliklərin qüvvəyə mindiyi dövrə təsadüf edir. 2019-cu ildən qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışanların 8 min manatadək aylıq əməkhaqqına tətbiq edilən sıfır faizli gəlir vergisi güzəşti 2025-ci ilin sonunda başa çatıb. 2026-cı il yanvarın 1-dən bu sektorda 2 500 manatadək vergi tutulan aylıq gəlirə 3%, 2 500-8 000 manat arasındakı gəlirə 75 manat və 2 500 manatdan yuxarı hissənin 10%-i, 8 000 manatdan çox gəlirə isə 625 manat və artıq hissənin 14%-i həcmində vergi tətbiq olunur.
Aşağı gəlirli işçilər üçün keçid mərhələli nəzərdə tutulub. 2 500 manatadək gəlirlər üzrə dərəcə 2027-ci ildə 5%-ə, 2028-ci ildən isə 7%-ə yüksələcək. Əsas iş yerində aylıq gəliri 2 500 manatadək olan işçilər üçün gəlirin 200 manatlıq hissəsinin vergidən azad edilməsi qüvvədə saxlanılıb. Məsələn, 1 000 manat əməkhaqqı alan şəxsdə gəlir vergisi 800 manat üzərindən hesablanaraq 24 manat təşkil edir.
Dövlət Vergi Xidməti dəyişikliklərin mərhələli tətbiqini əmək bazarında kəskin vergi yükü artımının və qeyri-rəsmi məşğulluğa keçid riskinin məhdudlaşdırılması ilə izah etmişdi. Qurumun təqdimatında muzdlu işçilərin böyük hissəsinin 2 500 manatadək gəlir əldə etdiyi və həmin qrup üçün fiskal yükün mərhələli artırılmasının nəzərdə tutulduğu bildirilir.
İqtisadçı Rəşad Həsənov isə 2026-cı ilin aprelində bildirib ki, 2019-cu ildə tətbiq olunan güzəştlər əmək münasibətlərinin rəsmiləşdirilməsinə və əmək müqavilələrinin sayının artmasına kömək edib. Onun qiymətləndirməsinə görə, güzəşt dövründə təxminən 300-400 min yeni əmək müqaviləsi bağlanıb və rəsmi müqavilələrdə göstərilən maaşların səviyyəsi yüksəlib. Ekspert hesab edir ki, güzəşt artıq müəyyən dərəcədə öz funksiyasını yerinə yetirsə də, indiki şəraitdə əməkhaqqından yenidən vergi tutulması işçilərin alıcılıq imkanlarını azalda və uzun müddətdə əmək münasibətlərinin qismən yenidən qeyri-rəsmi sektora keçməsi riskini yarada bilər.
Bununla belə, 1,41 milyard manatlıq daxilolmanın artımının nə qədərinin məhz 2026-cı ildən tətbiq edilən yeni vergi dərəcələrindən qaynaqlandığı DSK və Dövlət Vergi Xidmətinin açıqlamalarında ayrıca göstərilmir.







