Birləşmiş Millətlər Təşkilatı (BMT) MDB və Gürcüstan üzrə iqtisadi artım proqnozunu azaldıb.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) hesabatına əsasən, region iqtisadiyyatının 2026-cı ildə 1,8%, 2027-ci ildə isə 2,2% böyüyəcəyi gözlənilir.
BMT-nin ilin əvvəlində açıqladığı hesabatında isə MDB və Gürcüstan üzrə iqtisadi artım 2026-cı il üçün 2,1%, 2027-ci il üçün 2,5% səviyyəsində proqnozlaşdırılmışdı. Beləliklə, BMT hər iki il üzrə proqnozunu 0,3 faiz bəndi aşağı salıb.
Proqnozun pisləşməsi region ölkələri üzrə fərqli iqtisadi dinamika fonunda baş verir. BMT bildirir ki, Rusiya və Ukraynada iqtisadi artım zəif olaraq qalır, Qafqaz və Mərkəzi Asiya ölkələrində isə yüksək iqtisadi fəallıq davam edir.
Xüsusilə, Rusiyanın 2026-cı il üzrə iqtisadi artım proqnozu əvvəlki 1%-dən 0,5%-ə endirilib. BMT Rusiyada iqtisadi fəallığa daxili yanacaq təchizatındakı və neft və taxıl ixracı imkanlarındakı fasilələrin, daha sərt sanksiyaların, işçi qüvvəsi çatışmazlığının və sərt monetar siyasətin mənfi təsir göstərdiyini qeyd edir.
Ukraynada isə elektrik enerjisi çatışmazlığı və liman infrastrukturuna dəyən zərər iqtisadi fəallığı məhdudlaşdırır. BMT ölkə iqtisadiyyatının 2026-cı ildə 1%-dən az böyüyəcəyini gözləyir.
Bununla yanaşı, Qafqaz və Mərkəzi Asiyanın əksər ölkələri Yaxın Şərqdəki münaqişə ilə əlaqədar logistika problemlərinə və yanacaq idxalı xərclərinin artmasına baxmayaraq, 2026-cı ilin ilk yarısında yüksək iqtisadi artım tempini qoruyub.







