“Monetri” MMC bank olmayan kredit təşkilatının mülkiyyət strukturunda dəyişiklik olub. Əldə olunan elektron sənədlərə əsasən, əsas təsisçi — Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “Practical Solutions Middle East FZ LLC”nin payı 83%-ə yüksəlib. Şirkətin 10 milyon manatlıq nizamnamə kapitalında “Practical Solutions Middle East FZ LLC”nin payı 8,3 milyon manat təşkil edir.
Banker.az xəbər verir ki, bundan əvvəl açıqlanan strukturda BƏƏ şirkəti “Monetri”nin 75%-nə, Faiq Ağababa oğlu Məmmədov və “Çaparxana Kəndli Fermer Təsərrüfatı” MMC isə hər biri 12,5%-nə sahib idi. Yeni strukturda son iki təsisçinin payı ayrı-ayrılıqda 8,5%-ə, yaxud 850 min manata düşüb.
BƏƏ şirkətinin “Monetri”də payını artırması ilk dəfə deyil. “Practical Solutions Middle East FZ LLC” BOKT-a 2020-ci ildə kapital artımı zamanı investor kimi daxil olub. Həmin vaxt nizamnamə kapitalı 1,7 milyon manatdan 4,25 milyon manata yüksəldilmiş, BƏƏ şirkəti 60% pay əldə etmişdi. Faiq Məmmədov və “Çaparxana KFT”nin hər birinin payı isə 50%-dən 20%-ə enmişdi. 2021-ci ildə növbəti kapital artımından sonra BƏƏ şirkətinin payı 75%-ə yüksəlmiş, digər iki təsisçinin payı 12,5%-ə düşmüşdü. Həmin il BOKT-un nizamnamə kapitalı sonradan 10 milyon manata çatdırılıb.
“Practical Solutions Middle East FZ LLC” özünü idarəetmə, maliyyə, vergi və hüquq üzrə konsaltinq xidmətləri göstərən şirkət kimi təqdim edir. Şirkətin məlumatına görə, daxil olduğu qrup BƏƏ, Azərbaycan, ABŞ, Türkiyə və Niderlandda fəaliyyət göstərir, baş ofisi isə Azərbaycandadır. “Practical Solutions”un Dubay, Bakı, İstanbul və Vaşinqtonda ofisləri var.
“Monetri”nin digər təsisçisi Faiq Məmmədov maliyyə bazarında “PSG” brendi ilə də tanınır. O, əvvəllər “PSG-Kapital İnvestisiya Şirkəti” adlanan investisiya şirkətinin yeganə səhmdarıdır. Həmin şirkət 2025-ci ildə adını dəyişərək “İnno Kapital İnvestisiya Şirkəti” ASC olub və 6,25 milyon manat nizamnamə kapitalına malikdir.
BOKT-un özü 19 avqust 2013-cü ildə “PSG-Finans” adı ilə dövlət qeydiyyatına alınıb. Azərbaycan Mərkəzi Bankı təşkilata BKT-18 saylı lisenziyanı 11 dekabr 2013-cü ildə verib. Şirkət 2024-cü ilin sentyabrında rebrendinq edərək “PSG Finans” adından imtina edib və fəaliyyətini “Monetri” adı altında davam etdirib.
“Monetri” əsasən təminatlı kreditləşmə ilə məşğuldur; məhsulları arasında lizinq, qızıl və daşınmaz əmlak girovu ilə kreditlər, eləcə də istehlak kreditləri var. BOKT həmçinin faktorinq və forfeytinq, zəmanətlərin verilməsi və digər maliyyə xidmətləri göstərə bilər. Şirkət “TBC Kredit” MMC-də 100%-lik iştirak payına malikdir.
Maliyyə göstəricilərinə gəlincə, 30 iyun 2026-cı il tarixinə “Monetri”nin aktivləri 38,86 milyon manat olub. Bu, 2025-ci ilin sonundakı 35,20 milyon manatla müqayisədə 10,4% artımdır. Xalis kredit portfeli altı ayda 3,9% artaraq 30,19 milyon manata çatıb. Öhdəliklər 13,3% azalaraq 9,45 milyon manat, kapital isə 21% artaraq 29,41 milyon manat olub. BOKT 2026-cı ilin ilk yarısını 1,57 milyon manat xalis mənfəətlə başa vurub.
2025-ci ilin tam ili üzrə isə “Monetri” 5,44 milyon manat xalis mənfəət əldə etmişdi ki, bu da 2024-cü ildəki 4,03 milyon manatla müqayisədə 35,1% çoxdur. 2025-ci ilin sonunda şirkətin kapitalı 24,31 milyon manat, aktivləri 35,20 milyon manat təşkil etmişdi.







