Azərbaycan Bolqarıstanın neft bazarında payını sürətlə artırır

Azərbaycan 2026-cı ilin ilk 8 ayında Bolqarıstana 358,8 min ton xam neft ixrac edib. İxracın dəyəri 253,1 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə Bolqarıstana 79,3 min ton və ya 48,2 milyon dollarlıq neft göndərilmişdi. Beləliklə, ixracın fiziki həcmi 4,5 dəfə, dəyəri isə 5,2 dəfə artıb.

Banker.az-ın hesablamasına görə, Azərbaycanın Bolqarıstana satdığı neftin bir tonunun orta qiyməti də 608,5 dollardan 705,4 dollara yüksəlib. Bu, illik müqayisədə təxminən 15,9% bahalaşma deməkdir.

Azərbaycanın Bolqarıstana tədarükündə artım ölkənin xam neft mənbələrini şaxələndirdiyi dövrə təsadüf edir. Bolqarıstanın ən böyük neft emalı müəssisəsi olan Burqas zavodu əvvəllər əsasən Rusiyanın “Urals” markalı neftinə uyğunlaşdırılmışdı. Rusiya neftinə tətbiq edilən güzəşt 2024-cü ilin əvvəlində başa çatdıqdan sonra zavod Qazaxıstan, İraq və digər ölkələrdən müxtəlif neft markalarına keçib. Bolqarıstan rəsmiləri 2026-cı ildə zavodun artıq müxtəlif xam neft növlərinin qarışığını emal edə bildiyini bildiriblər.

Bolqarıstanın 2025-ci ildə əsas xam neft təchizatçısı Qazaxıstan olub. BMT-nin ticarət statistikası bazasındakı məlumatlara görə, ölkə Qazaxıstandan 1,77 milyon ton və 970 milyon dollarlıq xam neft idxal edib. İraqdan idxal 834,9 min ton və 391,9 milyon dollar, Səudiyyə Ərəbistanından isə 712,1 min ton və 351,2 milyon dollar təşkil edib. Azərbaycanın payına bütün 2025-ci ildə 169,4 min ton və təxminən 101,2 milyon dollar düşüb.

Müqayisə üçün, 2024-cü ildə də lider Qazaxıstan idi: Bolqarıstan bu ölkədən 2,38 milyon ton xam neft almışdı. İraq 1,24 milyon tonla ikinci, Səudiyyə Ərəbistanı 874,4 min tonla üçüncü olmuşdu.

2026-cı ilin ilk yeddi ayında da Qazaxıstan Bolqarıstanın əsas qeyri-Aİ idxal mənbələrindən biri olaraq qalır. Bolqarıstan Milli Statistika İnstitutunun məlumatına görə, Qazaxıstandan ümumi mal idxalı illik 37,8% artaraq 766,8 milyon avroya çatıb. Lakin bu cədvəldə xam neft ayrıca göstərilmədiyindən, Qazaxıstanın 2026-cı il üzrə neft bazarındakı dəqiq payını hələ hesablamaq mümkün deyil.

Beləliklə, Azərbaycan hələ Bolqarıstanın əsas neft təchizatçısı deyil, amma 2026-cı ildə bazardakı payını sürətlə artıran mənbələrdən birinə çevrilib. Azərbaycanın Balkan ölkəsindəki bazar payı beləliklə 4%-dən 11,6%-ə yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər