2025-ci ilin tam yekunlarına əsasən, binaların mərtəbə sayına görə bağlanmış alqı-satqı əqdləri, mənzillərin orta qiyməti və 1 kvadratmetrin dəyəri açıqlanıb.
Banker.az bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir.
İl ərzində alıcıların ən çox müraciət etdiyi segment 1–5 mərtəbəli azmərtəbəli binalar olub. Bu kateqoriyada ümumilikdə 16 742 əqd bağlanıb. Mənzillərin orta qiyməti 89 069 AZN, 1 kv.m-in orta dəyəri isə 1 866 AZN təşkil edib.
Orta mərtəbəli (6–9 mərtəbə): 9 248 əqd bağlanıb. Orta qiymət 124 331 AZN, 1 kv.m qiyməti 2 030 AZN olub.
Hündürmərtəbəli (10–16 mərtəbə): 11 802 əqd qeydə alınıb. Mənzillərin orta qiyməti 156 863 AZN, 1 kv.m qiyməti isə 2 049 AZN təşkil edib.
Çoxhündürmərtəbəli (17+ mərtəbə): 3 814 əqd reallaşıb. Ən yüksək qiymətlər də məhz bu segmentdə müşahidə olunub — 1 kv.m-in orta dəyəri 2 531 AZN-ə, mənzil üzrə orta qiymət isə 232 550 AZN-ə çatıb.
Bina nə qədər hündürdürsə, həm orta qiymət, həm də 1 kv.m qiyməti o qədər yüksəkdir. Çox hündürmərtəbəli binalarda (17+ mərtəbə) 1 kv.m qiyməti 2.531 AZN-ə çatır – bu, az mərtəbəli binalardan (1.866 AZN) təxminən 36% yüksəkdir və müasir premium yaşayış komplekslərinin bu seqmentdə cəmləndiyini göstərir.







