Azərbaycan xaricə satdığı karbamidin tonu 40% bahalaşıb

Azərbaycan 2026-cı ilin ilk yeddi ayında xaricə 213,1 min ton karbamid və digər müvafiq azot gübrələri sataraq 88,2 milyon dollar gəlir əldə edib. İxracın fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% azalsa da, dəyərdə azalma cəmi 12% olub. Bunun əsas səbəbi ixracın orta statistik qiymətinin yüksəlməsidir.

Banker.az-ın təqdim olunan xarici ticarət məlumatları əsasında hesablamasına görə, Azərbaycanın ixrac etdiyi məhsulun bir tonunun orta dəyəri 296 dollardan 414 dollara, yaxud 39,9% yüksəlib. Beləliklə, dünya gübrə bazarında ilin əvvəlində baş verən kəskin bahalaşma ixrac həcminin azalmasının gəlirlərə təsirini qismən kompensasiya edib.

İxracın coğrafiyası da ciddi dəyişib. Ukrayna hələ də əsas alıcıdır, lakin bu ölkəyə tədarük 251,9 min tondan 104,9 min tona, yəni 58,3% azalıb. Ukraynanın ümumi ixracdakı payı təxminən 49% olub. Bununla yanaşı, 2026-cı ildə Cənubi Afrikaya 30,9 min ton, Fransaya 19,1 min ton, Rumıniyaya 14,5 min ton, Hindistana 14,2 min ton, Böyük Britaniyaya 10,1 min ton və Bolqarıstana 7,8 min ton məhsul göndərilib. 2025-ci ilin eyni dövründə Cənubi Afrika, Fransa, Hindistan, Böyük Britaniya və Bolqarıstana bu məhsul üzrə tədarük qeydə alınmamışdı. Fransa istiqaməti ayrıca diqqət çəkir –  Azərbaycan bu ölkəyə uzun fasilədən sonra karbamid ixracını bərpa edib.

İxracın azalması yerli istehsalın da aşağı düşdüyü dövrə təsadüf edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqustda Azərbaycanda 363 min ton karbamid istehsal edilib ki, bu da illik müqayisədə 15,4% azdır. Sentyabrın 1-nə istehsalçıların anbarlarında 74,5 min ton ehtiyat olub.

Digər tərəfdən, Azərbaycan özü də bu məhsul qrupundan idxal edib. İlk yeddi ayda idxal 522 tondan 5,3 min tona, yəni təxminən 10,2 dəfə artıb. İdxala çəkilən xərc 470 min dollardan 2,59 milyon dollara yüksəlib. Bununla belə, bir ton üzrə orta idxal dəyəri təxminən 900 dollardan 488 dollara, yaxud 45,7% düşüb. Burada orta gömrük dəyərinin məhsulun konkret növü, müqavilə vaxtı və mənşə ölkəsi ilə dəyişdiyini nəzərə almaq lazımdır.

Ümumilikdə isə mineral gübrələrin idxalında fərqli mənzərə var. DSK-nın daha geniş məhsul qrupu üzrə statistikasına görə, ilk yeddi ayda Azərbaycana 83,7 min ton mineral gübrə gətirilib. Miqdar illik müqayisədə 19,4% azalıb, lakin idxalın dəyəri 8,4% artaraq 53,2 milyon dollara çatıb. Bu göstəricilər əsasında bir tonun orta idxal dəyəri təxminən 635 dollar olub və ötən illə müqayisədə təqribən 35% yüksəlib.

Dünya bazarında nə baş verir?

2026-cı il gübrə bazarı üçün son illərin ən dəyişkən dövrlərindən birinə çevrilib. Dünya Bankının məlumatına görə, qlobal gübrə qiymət indeksi ilin ilk rübündə 12%-dən çox artıb, karbamidin dünya üzrə əsas göstəricisi isə martda 726 dollara, apreldə 857 dollar/tona qədər yüksəlib. Aprel qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyələrdən biri olub.

Bahalaşmanın əsas səbəbi Yaxın Şərqdəki hərbi qarşıdurma və Hörmüz boğazında daşımaların pozulması olub. Yaxın Şərq dünya karbamid ixracının mühüm hissəsini təmin edir: IFA-nın hesablamasına görə, İran, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn 2024-cü ildə qlobal karbamid ticarətinin təxminən 34%-ni təmin edib.

Böhran zamanı İranın ammonyak istehsalının dayanması, Qətərdə karbamid və ammonyak istehsalının məhdudlaşması, Hindistanda LNG çatışmazlığı səbəbindən istehsalın azalması təklifə əlavə təzyiq yaradıb. Dünya Bankı qeyd edir ki, təbii qaz ammonyak istehsalının maya dəyərinin 80-90%-ni təşkil edə bilir. Buna görə qazın bahalaşması birbaşa azot gübrələrinin maya dəyərinə ötürülür.

Çin faktoru da bazarda mühüm rol oynayıb. Pekin martda daxili bazarı qorumaq üçün gübrə ixracını ciddi məhdudlaşdırmış, mayın sonunda isə yeni karbamid ixrac kvotaları verməyə başlamışdı. Bazara Çin məhsulunun geri qayıtması sonrakı aylarda təklif gərginliyini müəyyən qədər yumşaldıb.

Nəticədə aprel-may zirvəsindən sonra qiymətlər sürətlə geriləyib. Dünya Bankının “Pink Sheet” (əmtəə cədvəlinin qyeir-rəsmi adı) göstəricisinə görə, karbamidin orta dünya qiyməti apreldə 857 dollar/ton, mayda 771 dollar, iyunda 453 dollar, iyulda 400 dollar, avqustda isə 390 dollar/ton olub. Avqust qiyməti artıq ötən ilin eyni ayındakı 508 dollardan 23% aşağıdır.

Yəni hazırda dünya bazarında qiymətlər apreldəki şok zirvəsindən xeyli aşağı düşüb, amma il üzrə orta qiymətlərin yenə yüksək qalması gözlənilir. Dünya Bankı 2026-cı ildə gübrə qiymətlərinin orta hesabla 31%-dən çox, karbamidin isə təxminən 60% bahalaşacağını proqnozlaşdırır. Bunun əsas riskləri Yaxın Şərqdə yeni tədarük pozuntuları, yüksək qaz qiymətləri və iri ixracatçıların bazara məhdudiyyət tətbiq etməsidir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər