“MJ Finance” Bank Olmayan Kredit Təşkilatı ASC 2 milyon manatlıq yeni istiqraz buraxılışına başlayır. Buraxılış hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazdan ibarətdir.
Banker.az xəbər verir ki, illik gəlirlilik 16%, tədavül müddəti 18 aydır və kupon ödənişləri hər ay həyata keçiriləcək. Bu, ümumi həcmi 6 milyon manat olan baza emissiyası çərçivəsində ilk 2 milyon manatlıq buraxılışdır.
“MJ Finance” kapital bazarından cəlb edəcəyi vəsaiti kredit məhsullarına artan tələbin maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır. Elektron sənədində BOKT-un daha sərfəli şərtlərlə vəsait cəlb etməklə əhalinin kredit tələbatını qarşılamaq və bazardakı mövqeyini genişləndirmək istədiyi, həmçinin vəsaitin mənfəət gətirən layihələrə yatırılmasının nəzərdə tutulduğu bildirilir.
“MJ Finance”ın 16%-lik istiqrazları BOKT seqmentində yüksək gəlirlilik təklif etsə də, hazırda bazarda ən yüksək faizli buraxılış deyil. Son altı ayda Bakı Fond Birjasında yerləşdirilən və ya yerləşdirilməsi elan edilən BOKT istiqrazları arasında ən yüksək kupon “International” BOKT-a məxsus olub. “International” BOKT aprel–iyul aylarında 3 il müddətli, faizləri aylıq ödənilən bir neçə 1 milyon manatlıq tranşı illik 18% gəlirliliklə bazara çıxarıb; iyulda bu tranşlardan ikisi tam yerləşdirilib. “Regional” BOKT iyulda 1 milyon manatlıq, 5 illik istiqrazlarını 16%-lə və aylıq ödənişlə tam yerləşdirib, “MJ Financial Services” isə iyulda 2 milyon manatlıq, 18 aylıq istiqrazlarını 16%-lə, rüblük ödənişlə satıb. “Kəpəz” BOKT-un 1 milyon manatlıq, 24 aylıq buraxılışlarında gəlirlilik 15% olub. “Monetri” də 3 milyon manatlıq, birillik istiqrazları 13%-lə bazara çıxarmağa hazırlaşır.
Şirkət yaxınlarda rebrendinq edib. 2019-cu ildən “MJ Financial Services” adı ilə fəaliyyət göstərən BOKT 2026-cı ilin sentyabrında adını “MJ Finance”a dəyişib. Şirkətin nizamnamə kapitalı 5,1 milyon manatdır. BOKT-un səhmlərinin 70%-i Camal Aydınova, 30%-i Mədəd Rüstəmova məxsusdur. Hər iki sahibkar eyni zamanda kollektor fəaliyyəti göstərən “KollektA” ASC-də ayrı-ayrılıqda 40% paya nəzarət edir.
“MJ Finance” borclanmanı balansını və kapital bazasını əhəmiyyətli böyütdüyü dövrdə artırır. 2025-ci ilin sonunda BOKT-un aktivləri 48,6% artaraq 21,97 milyon manata, müştərilərə verilmiş kredit və avanslar 16,3% artaraq 16,32 milyon manata çatıb. Kapital 79,8% artımla 13,33 milyon manat, öhdəliklər isə 17,2% artımla 8,64 milyon manat təşkil edib. Faiz gəlirləri 5,7% artaraq 9,78 milyon manata yüksəlsə də, xalis mənfəət 18,6% azalaraq 3,47 milyon manat olub.
BOKT kapital bazarında artıq aktiv borcalanlardan biridir. “MJ Financial Services” adı altında 2026-cı ilin iyulunda 2 milyon manatlıq, 16% gəlirli istiqraz emissiyasını tam yerləşdirib; həmin buraxılışa 52 investor 54 sifariş təqdim etmişdi. Yeni emissiya sənədində də şirkətin balansında 2 milyon manatlıq mövcud istiqraz öhdəliyi göstərilir. Bundan başqa, BOKT 2025-ci ildə “Bank Avrasiya”dan 3,84 milyon manat, “AccessBank”dan 1 milyon manat kredit cəlb edib.







